Abunə iqtisadiyyatı insanların xərcləmə vərdişlərini dəyişdirirmi?
Son illərdə musiqi dinləmək, film izləmək, məlumat saxlamaq və hətta proqramlardan istifadə etmək üçün birdəfəlik ödəniş modeli tədricən yerini aylıq abunə sisteminə verir. Netflix, Spotify, bulud yaddaşı xidmətləri və digər rəqəmsal platformalar milyonlarla istifadəçini məhz bu model vasitəsilə cəlb edir. Bu dəyişiklik insanların xidmətlərdən istifadə qaydasını asanlaşdırsa da, onların xərcləmə vərdişlərinə də təsir göstərir.
Aparılan beynəlxalq bazar araşdırmaları göstərir ki, abunə iqtisadiyyatı dünyanın ən sürətlə böyüyən rəqəmsal biznes modellərindən birinə çevrilib. İstehlakçılar artıq məhsula sahib olmaqdan daha çox, ehtiyac duyduqları xidmətə istənilən vaxt çıxış əldə etməyə üstünlük verirlər. Məhz bu səbəbdən video platformaları, musiqi servisləri, bulud yaddaşı, proqram təminatları, onlayn təhsil və hətta oyun xidmətləri də getdikcə daha çox abunə modeli ilə fəaliyyət göstərir.
Abunə modeli ənənəvi sahiblik anlayışını dəyişdirərək “istifadə hüququ” prinsipi üzərində qurulub. İstifadəçilər böyük məbləğ ödəmədən minlərlə filmə, musiqiyə və müxtəlif rəqəmsal xidmətlərə çıxış əldə edirlər. Bu, rahatlıq yaratsa da, çoxsaylı kiçik aylıq ödənişlərin zamanla ciddi maliyyə yükünə çevrilməsi ehtimalını da artırır.
Maliyyə üzrə mütəxəssislərin fikrincə, istifadəçilər adətən böyük məbləğdə birdəfəlik ödənişlərə daha həssas yanaşırlar. Lakin kiçik məbləğlərlə avtomatik həyata keçirilən aylıq ödənişlər çox vaxt diqqətdən kənarda qalır. Nəticədə bir neçə platformaya eyni vaxtda abunə olan şəxslər ayın sonunda gözlədiklərindən daha çox vəsait xərcləyə bilirlər.
İqtisadçılar bu vəziyyəti bəzən “fantom xərclər” kimi xarakterizə edirlər. Çünki istifadəçilər aylıq 5–10 manatlıq ödənişləri hiss etməsələr də, bir neçə platformaya eyni vaxtda abunə olduqda ümumi məbləğ büdcəyə nəzərəçarpacaq təsir göstərir. Avtomatik kart ödənişləri isə bu xərclərin uzun müddət diqqətdən yayınmasına səbəb ola bilir.
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov "İnformator.az" a açıqlamsında bildirib ki, abunə iqtisadiyyatı insanların rəqəmsal xidmətlərdən istifadə vərdişlərini və maliyyə davranışını əhəmiyyətli dərəcədə dəyişdirib:
"Bu model istifadəçilərdə rəqəmsal rahatlıq hissi yaradır və birdəfəlik böyük ödəniş etmək əvəzinə kiçik aylıq məbləğlər ödəməyi daha cəlbedici göstərir. Lakin məhz bu rahatlıq bəzən əlavə və fərq edilməyən xərclərin yaranmasına səbəb olur. Bir platformaya aylıq 5 və ya 10 manat ödəmək böyük məbləğ kimi görünmür. Ancaq istifadəçi eyni vaxtda bir neçə xidmətə abunə olduqda bu ödənişlərin ümumi məbləği büdcədə ciddi pay tutmağa başlayır. Avtomatik ödəniş sistemi səbəbindən insanlar bəzən istifadə etmədikləri xidmətlər üçün də aylarla ödəniş etməyə davam edirlər”.
Ekspert əlavə edib ki, platformaların təqdim etdiyi pulsuz sınaq müddətləri də istifadəçi davranışına təsir göstərir. Bir çox hallarda insanlar sınaq müddəti başa çatdıqdan sonra abunəliyi ləğv etməyi unudur və ödənişlər avtomatik şəkildə davam edir:
" İstifadəçilər vaxtaşırı aktiv abunələrini yoxlamalı, istifadə etmədikləri xidmətləri ləğv etməli və aylıq rəqəmsal xərclərinə nəzarət etməlidirlər. Bu, həm maliyyə intizamının qorunmasına, həm də lazımsız xərclərin qarşısının alınmasına kömək edə bilər".
Mütəxəssislər hesab edirlər ki, rəqəmsal xidmətlərin sayı artdıqca abunə iqtisadiyyatı da genişlənməyə davam edəcək. Bu səbəbdən istifadəçilərin yalnız xidmət seçiminə deyil, eyni zamanda aylıq rəqəmsal xərclərinin planlaşdırılmasına da diqqət yetirməsi vacib hesab olunur. Maliyyə savadlılığının artırılması və aktiv abunələrin mütəmadi nəzərdən keçirilməsi şəxsi büdcənin daha səmərəli idarə olunmasına kömək edə bilər.
Fidan Abdullayeva