ADB xəbərdarlıq edir: İrandakı münaqişə Cənubi Qafqaz iqtisadiyyatını sarsıda bilər
Bakı-Asiya İnkişaf Bankı (ADB) İrandakı hərbi əməliyyatların və Yaxın Şərqdəki gərginliyin region ölkələrinə təsiri ilə bağlı geniş hesabat yayıb. Bankın qiymətləndirməsinə görə, münaqişənin müddətindən asılı olaraq 2026-2027-ci illərdə iqtisadi artım tempinin yavaşlaması və inflyasiyanın kəskin artması gözlənilir.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az” a açıqlamasında bildirib ki, Neft və qaz qiymətlərinin artması Azərbaycanın gəlirlərini artırır, lakin idxal olunan məhsulların bahalaşması bu üstünlüyü qismən azaldır və inflyasiyanı gücləndirir:
“Regionda baş verən münaqişələr, xüsusilə, Rusiya-Ukrayna və İran ətrafındakı gərginliklər riskləri artırır, beynəlxalq ticarətə və tədarük zəncirlərinə mənfi təsir göstərir. Eyni zamanda, İranla bağlı problemlərin dərinləşməsi Azərbaycan üzərindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətini artırır və ölkənin strateji rolunu gücləndirir, bu da tranzit gəlirlərinin artmasına səbəb ola bilər. Ümumilikdə Azərbaycan digər ölkələrlə müqayisədə daha əlverişli mövqedə olsa da, artan risklər və inflyasiya şəraitində ehtiyatlı və balanslı iqtisadi siyasət aparmaq, əhalinin alıcılıq qabiliyyətini qorumaq vacibdir”.
Selcan Xudiyeva