Aeroportda itən baqaj: Sərnişinlər nə etməlidir?
Səyahət zamanı ən çox rast gəlinən problemlərdən biri də baqajın itməsi və ya gecikməsidir. Bu hal həm vaxt itkisinə, həm də sərnişinlər üçün əlavə stressə səbəb olur. Xüsusilə beynəlxalq uçuşlarda baqajın başqa ölkəyə yönləndirilməsi və ya ümumiyyətlə tapılmaması halları tez-tez qeydə alınır. Bəs belə vəziyyətdə sərnişinlər hansı addımları atmalıdır? Hüquqlarınız nələrdir və kompensasiya almaq mümkündürmü?
Mövzu ilə “İnformator.az”a açıqlamasında turizm ekspeti Rəhman Quliyev bildirib ki, baqajın itməsi halları ilə qarşılaşan sərnişinlər ilk növbədə təşvişə düşməməli və dərhal hava limanında aidiyyəti xidmətə müraciət etməlidirlər:
“Ən vacib addımlardan biri PIR-“Property Irregularity Report” adlı rəsmi sənədin yerində doldurulmasıdır, çünki bu sənəd sonrakı proseslər üçün əsas sayılır. Sərnişinlər bilet, boarding pass və baqaj etiketlərini mütləq saxlamalıdırlar. Əgər baqaj gecikirsə, hava yolu şirkətləri zəruri ehtiyaclar üçün müəyyən xərcləri qarşılaya bilər. Baqajın 21 gün ərzində tapılmaması halında isə o, rəsmi olaraq itmiş hesab olunur və kompensasiya prosesi başlayır. Bu kompensasiyalar beynəlxalq qaydalara uyğun şəkildə hesablanır. Mən sərnişinlərə tövsiyə edirəm ki, dəyərli əşyaları heç vaxt qeydiyyatdan keçən baqaja qoymasınlar. Ümumilikdə isə düzgün və vaxtında atılan addımlar bu kimi problemlərin daha tez həllinə imkan yaradır. Eyni zamanda bugün bütün dünyada baş verən siyasi və hərbi gərginlik fonunda bagajların daha dərindən yoxlanması da gecikmələrə səbəb ola bilər”.
Banuçiçək Məmmədova