00:00:00
Yazar
Nərmin Həşimova
18.05.2026 20:50 47 2 dəq oxuma
Araşdırma

“Ağ Ev”də İran böhranı: ABŞ daxilində fikir ayrılığı dərinləşir?- ŞƏRH

“Ağ Ev”də İran böhranı: ABŞ daxilində fikir ayrılığı dərinləşir?- ŞƏRH

ABŞ-nin İran siyasəti yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Son günlər Vaşinqton administrasiyası daxilində İranla bağlı yanaşmalarda fikir ayrılıqlarının yarandığı barədə iddialar müzakirə olunur. Xüsusilə, mümkün sanksiyalar, nüvə danışıqları və Yaxın Şərqdə artan gərginlik fonunda “Ağ Ev” daxilində müxtəlif mövqelərin ortaya çıxdığı bildirilir.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ administrasiyası daxilində İran məsələsində əsas fikir ayrılığı “razılaşma yolu ilə məhdudlaşdırma” ilə “maksimum təzyiq və mümkün hərbi seçim” yanaşmaları arasında formalaşıb:


“Bir qrup hesab edir ki, İranın nüvə proqramı, Hörmüz boğazındakı təsiri və regional proksi şəbəkələri yalnız sərt sanksiyalar, dəniz nəzarəti və hərbi təhdid vasitəsilə cilovlana bilər. Bu mövqenin tərəfdarları düşünür ki, Tehran yalnız real güc təzyiqi altında geri addım atır. Digər yanaşmaya görə isə, mümkün hərbi eskalasiya ABŞ üçün də ciddi iqtisadi və siyasi xərclər yarada, enerji bazarlarını sarsıda və Yaxın Şərqdə yeni cəbhələrin açılmasına səbəb ola bilər. Buna görə praqmatik qanad Pakistan və Oman kimi vasitəçilər üzərindən diplomatik kanalların açıq saxlanılmasını, İranın tam şəkildə küncə sıxışdırılmamasını və aralıq razılaşma imkanlarının qorunmasını vacib sayır. Hazırda Vaşinqtonun G7 ölkələrini İrana qarşı sanksiya rejiminə qoşmağa çalışması sərt xəttin gücləndiyini göstərsə də, İranın Pakistan vasitəsilə yenilənmiş təklif göndərməsi diplomatik kanalın hələ tam bağlanmadığını ortaya qoyur. Bu fikir ayrılığı ABŞ-nin Yaxın Şərq siyasətini daha qeyri-müəyyən edir. Əgər sərt xətt üstünlük qazansa, Vaşinqton İran limanları, Hörmüz boğazı, proksi qruplar və nüvə obyektləri ətrafında təzyiqi artırmağa çalışacaq. Bu isə İsrail, Körfəz ölkələri və Livan istiqamətində yeni eskalasiya risklərini yüksəldə bilər. Əgər praqmatik yanaşma üstünlük qazansa, ABŞ İranı tam məğlub edilməli tərəf kimi deyil, məhdud güzəştlərə məcbur edilən aktor kimi danışıqlar masasında saxlamağa çalışacaq. Sərt xəttin arqumenti budur ki, İran yalnız güc dili ilə geri çəkilir və zəiflik nümayiş etdirilərsə, Tehran nüvə proqramını və regional təsir imkanlarını daha da genişləndirə bilər. Praqmatik yanaşmanın arqumentinə görə isə, hərbi eskalasiya nə İranı tam dayandıracaq, nə də regiona sabitlik gətirəcək: əksinə, enerji bazarında bahalaşma, Hörmüz boğazında risklərin artması, İsrail-İran qarşıdurmasının genişlənməsi və ABŞ-nin yeni uzunmüddətli münaqişəyə cəlb olunması ehtimalını artıracaq. Bu baxımdan, Ağ Ev daxilindəki fikir ayrılığı sadəcə taktiki mübahisə deyil. Söhbət ABŞ-nin İranı diplomatik razılaşmalarla məhdudlaşdırmaq, yoxsa daha sərt güc siyasəti ilə geri çəkilməyə məcbur etmək arasında seçim etməsindən gedir”.


Cavahir Əsgərbəyli

#ABŞ #İran #böhran #Ağ Ev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər