“Ağac təhlükə yaradır, amma qanun mane olur”
Güclü küləkli havada ağacın budaqlarının qırılması hətta aşması təhlükəsi yaradır. Amma nə ağacı kəsməyə, nə də budama işləri aparmağa icazə verilir.
Mövzu ilə bağlı ekoloq Sevil Yüzbaşova bildirib ki, Azərbaycanda ağacların kəsilməsi və budanması "Yaşıllıqların mühafizəsi haqqında" qanun və Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir:
“Budanma və kəsilmə yalnız xəstə və yaxud quru olduqda, tikinti, infrastruktur layihələri zamanı, təhlükə yaratdıqda və ya vətəndaşın xüsusi mülkiyyətindəki həyətyanı sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi (və ya bələdiyyə) ilə mümkündür.
Ağacların kəsilməsi və budanması üçün qaydalar mövcuddur. Əgər təhlükəli ağac xüsusi mülkiyyətin ərazisindədirsə, vətəndaşın öz həyətyanı və ya bağ sahəsindəki (mülkiyyət sənədi - çıxarış olan) ağacları, əgər həmin ərazi yaşıllıqlar reyestrinə daxil deyilsə, qanuni sənədlərlə kəsə bilər.
İctimai yerlərdə ağacların kəsilməsi və ya budanması yalnız dövlət qurumlarının (adətən yerli icra hakimiyyəti və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəsmi rəyi və icazəsi ilə mümkündür.
Təhlükə yaradan ağaclar üçün kəsilməsinə icazə verilən hallarda mövcuddur. Məsələn, əgər ağac quru, xəstə və ya aşılanan (zərərvericilərə yoluxmuş) olduqda, ağac insan həyatı, sağlamlığı və ya tikililər üçün təhlükə yaratdıqda eləcədə Dövlət və ictimai ehtiyaclar üçün tikinti-quraşdırma işləri aparıldıqda (kompensasiya və ya əvəzedici əkiliş şərti ilə) kəsilməsinə icazə verilir”.
Əlavə olaraq bildirilib ki, xəstə və quruyan ağaclara bioloji dövrünü başa vuran, bərpası mümkün olmayan və ya digər ağaclara xəstəlik yoluxdurma ehtimalı olan ağaclar aid edilir:
“Tikinti işləri aparılan ərazilərdə isə şəhərsalma sənədlərinə uyğun olaraq, tikinti sahəsində qalan ağacların köçürülməsi mümkün olmadıqda və ya yeni ağaclar əkmək şərti ilə ya da bu halda mütləq kompensasiya ödənilməklə icazə verilir.
Digər bir halda mühəndis-kommunikasiya xətlərinə maneə törədən ağacın kökləri və ya budaqları yeraltı kommunikasiyalara (su, qaz, kanalizasiya) və ya elektrik xətlərinə ziyan vurduqda kəsilə bilər”.
Sevil Yüzbaşovanın sözlərinə görə, Ağacların budanması üçün də qaydalar mövcuddur:
“Ağacların budanması yalnız sanitariya qaydalarına uyğun olaraq, ağacın inkişafına mane olmayan və qurumasına səbəb olmayan şəkildə, yerli yaşıllıq idarəsinin nəzarəti ilə həyata keçirilməlidir. Qanunsuz ağac kəsmə isə inzibati və ya cinayət məsuliyyəti yaradır. Bəzi hallarda budama da düzgün aparılmır. Budama prosesi ağacın məhv edilməsi deyil, onun sağlamlığının qorunması və ya təhlükəsizliyini təmin edilməsi üçün həyata keçirilir. Budamanın bir neçə forması var ki, bunlar Sanitar, Formavermə budaması, Cavanlaşdırma budaması və Maneə yaradan budaqların budanmasıdır.
Sanitar budama - yəni quruyan, qırılan, xəstə və ziyanvericilərlə sirayətlənən budaqların kəsilməsi, Formavermə budaması - ağacın boyunun məhdudlaşdırılması, çətirinin formalaşdırılması və estetik görünüşün təmin edilməsi üçün, Cavanlaşdırma budaması - isə yaşlı ağacların böyüməsini stimullaşdırmaq üçün budaqların qısaldılması səbəbindən və Maneə yaradan budaqların budanması - İşıqforların, yol nişanlarının görünməsini əngəlləyən və ya elektrik naqillərinə toxunan budaqların kəsilməsi üçün formalarda həyata keçirilir”.
Son olaraq ekspert bildirib ki, ağac kəsmək və ya budamaq istəyən şəxs mütləq müvafiq orqanlara müraciət etməlidir:
“Əgər kəsilən ağacların dəyəri (və ya təbiətə dəyən ziyan) 1000 manatdan artıqdırsa, bu artıq inzibati deyil, cinayət məsuliyyəti yaradır.
Əgər haradasa yəni həyətdə və ya binanın qarşısında qəzalı təhlükəli vəziyyətdə olan bir ağac varsa, özbaşına müdaxilə etmədən öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlanılmalı qaynar xətdə zəng vurmaq və yaxud da Yaşadığınız rayonun Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etmək lazımdır”.

Səadət Əlizadə
