AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Bakıda keçirilən U-17 dünya çempionatı çərçivəsində Azərbaycan Güləş Federasiyası Türkiyə, Qazaxıstan və Mərakeş Güləş Federasiyaları ilə əməkdaşlıq memorandumları imzalayıb. Sənədlər güləş sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlib.
"Ümumiyyətlə memorandumlar qarşılıqlı əməkdaşlıqlar üçün önəmli rol oynayır. Türkiyə və Qazaxıstan xüsusilə güləşdə önəmli inkişaf etmiş ölkələrdir".
Bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Mərakeşdə də güləşin inkişafında mühüm addımlar atılır. Onlar daha çox bizim təcrübəmizdən yararlanmaqda maraqlıdırlar:
"Mərakeş kimi bir çox ölkələrin komandaları Azərbaycana təlim-məşq toplanışlarına gəlirlər. Çünki bizdə daha münbit şərait var. Həmçinin komandalarımızın hazırlıq səviyyəsi yüksək səviyyədə olduğu üçün onlar da təcrübədən faydalanırlar. Ona görə də, Azərbaycanda təlim-məşq toplanışı keçirmək böyük rol oynayır. Türkiyə və Qazaxıstan isə onsuz da güləşdə sözünü demiş ölkələrdir və bu təcrübə mübadiləsi vasitəsilə hər iki tərəf qarşılıqlı faydalanır".
Zəhra Möhübbətova