00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 17:46 34 3 dəq oxuma
Siyasət

Aİ-nin Cənubi Qafqaz diplomatiyası: son səfərlərin məqsədi nədir?

Aİ-nin Cənubi Qafqaz diplomatiyası: son səfərlərin məqsədi nədir?

 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono əvvəlcə Azərbaycana, daha sonra isə Ermənistana səfər edib. Bu diplomatik görüşlərin regionda sülh prosesi və Aİ-nin Cənubi Qafqaz siyasəti baxımından hansı əhəmiyyət daşıdığı maraq doğurur.


Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərindən biri şübhəsiz ki, Aİ-nin öz maraqlarını təmin etməsindən ibarətdir:

 

"Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana, ardınca isə Ermənistana səfər etməsi Brüsselin regionda diplomatik fəallığını artırmaq niyyətinin göstəricisidir. Bu şəkildə ardıcıl səfərlər adətən ikitərəfli münasibətlərdən daha geniş geosiyasi kontekstlə bağlı olur və əsas məqsəd tərəflərlə birbaşa dialoqu davam etdirmək, mövcud vəziyyəti yerində qiymətləndirmək, həmçinin sülh gündəliyinin gələcək mərhələlərinə dair mövqeləri dəqiqləşdirməkdir. Xüsusilə son illərdə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar Avropa İttifaqını da regiona dair siyasətini yenidən nəzərdən keçirməyə vadar edib. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi hələ də həssas mərhələdədir. Çünki ortada hələ ki, imzalanmış bir sülh sazişi və Ermənistanın həmin sülh sazişinin imzalanması üçün atmalı olduğu addımlarla bağlı konkret fəaliyyəti yoxdur. Tərəflər arasında müəyyən məsələlər üzrə irəliləyiş əldə olunsa da, yekun sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və qarşılıqlı etimadın gücləndirilməsi kimi istiqamətlər aktual olaraq qalır. Belə şəraitdə Aİ-nin xüsusi nümayəndəsinin hər iki paytaxtda keçirdiyi görüşlər Brüsselin tərəflərlə əlaqələri balanslı şəkildə davam etdirmək və dialoq kanallarını açıq saxlamaq istəyini nümayiş etdirir. Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərindən biri şübhəsiz ki, Aİ-nin öz maraqlarını təmin etməsindən ibarətdir. Bunun üçün regionda uzunmüddətli sabitliyin təmin edilməsinə ehtiyac var. Brüssel hesab edir ki, iqtisadi əməkdaşlığın genişlənməsi, regional kommunikasiyaların inkişafı davamlı sabitliyi təmin edə bilər. Bu baxımdan Aİ müxtəlif maliyyə proqramları, texniki dəstək mexanizmləri və institusional əməkdaşlıq vasitəsilə həm Azərbaycana, həm də Ermənistana müxtəlif sahələrdə dəstək göstərməyə çalışır".

 

Həmçinin ekspert qeyd edib ki, Aİ eyni zamanda, geosiyasi rəqabətin gücləndiyi bir dövrdə Cənubi Qafqazda öz təsir imkanlarını qorumağa çalışır:

 

"Digər mühüm məqsəd Avropanın enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlıdır. Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu oynayır. Xüsusilə Azərbaycanın Avropanın enerji təchizatındakı rolu son illərdə daha da artıb. Bu səbəbdən regionda sabitliyin qorunması Brüssel üçün yalnız siyasi deyil, həm də iqtisadi və enerji təhlükəsizliyi baxımından prioritet hesab olunur. Paralel olaraq, Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı da Avropa İttifaqının maraq dairəsindədir və regionda təhlükəsiz mühit bu layihələrin səmərəli fəaliyyəti üçün vacib şərt sayılır. Aİ eyni zamanda, geosiyasi rəqabətin gücləndiyi bir dövrdə Cənubi Qafqazda öz təsir imkanlarını qorumağa çalışır. Region müxtəlif beynəlxalq aktorların maraqlarının kəsişdiyi məkan olduğundan, Brüssel diplomatik iştirakını artırmaqla siyasi proseslərdə aktiv rol oynamaq niyyətini nümayiş etdirir. Ümumilikdə isə Maqdalena Qrononun Bakı və İrəvana ardıcıl səfərləri Avropa İttifaqının regionda dəyişən siyasi vəziyyəti yaxından izləmək və strateji maraqlarını möhkəmləndirmək istiqamətində həyata keçirdiyi daha geniş diplomatik strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər".

 

Samirə Allahverdizadə

#Aİ #CənubiQafqaz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər