Aİ-nin kibertəhlükəsizlik sistemi ciddi sınaq qarşısında
Avropa İttifaqının kibertəhlükəsizlik sistemlərində müəyyən zəifliklərin və boşluqların mövcudluğu son dövrlərdə artan kiberhücumlar fonunda xüsusi narahatlıq doğurur. Artan rəqəmsal təhdidlər Aİ qurumlarının, dövlət strukturlarının və şirkətlərin kibertəhlükəsizlik imkanlarının ciddi sınaq qarşısında olduğunu göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirir ki, Aİ-nin üzləşdiyi kiberhücumları onun ümumilikdə təhlükəsizlik imkanlarının zəif olması kimi qiymətləndirmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, əsas məsələ mövcud sistemlərdə müəyyən zəifliklərin və koordinasiya problemlərinin ortaya çıxmasıdır.
Politoloqun fikrincə, kiberhücumlar artıq yalnız dövlət qurumlarını deyil, özəl şirkətləri, kritik infrastrukturu və ayrı-ayrı şəxsləri də əhatə edən genişmiqyaslı təhlükəyə çevrilib. Belə hücumların arxasında casusluq, məxfi məlumatların əldə edilməsi, siyasi təsir göstərilməsi və iqtisadi zərər vurulması kimi müxtəlif məqsədlər dayana bilər.
“Xüsusilə xarici dövlətlərin və dövlətlə əlaqəli qrupların kiberhücumlarda iştirak etməsi ehtimalı Aİ üçün ciddi təhlükə yaradır. Bu baxımdan kibertəhlükəsizlik məsələsi yalnız texniki problem kimi deyil, həm də siyasi və institusional təhlükəsizlik məsələsi kimi nəzərdən keçirilməlidir”.
Ekspert hesab edir ki, kiberhücumların sayının artması Avropa İttifaqının kibertəhlükəsizlik siyasətində yalnız texniki imkanların gücləndirilməsinə deyil, həm də qurumlararası koordinasiyanın və preventiv müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
Ramiyə Məmmədovanın sözlərinə görə, kibertəhlükəsizlik sahəsində yaranan boşluqların vaxtında aradan qaldırılmaması Aİ üçün həm siyasi, həm də iqtisadi nəticələr doğura bilər. Mühüm məlumatların sızması, dövlət qurumlarına ictimai etimadın azalması, şirkətlərin maliyyə itkiləri ilə üzləşməsi və qərarvermə proseslərinə müdaxilə ehtimalı bu risklər sırasında xüsusi yer tutur.
Politoloq hesab edir ki, Avropa İttifaqının qarşısında duran əsas vəzifələrdən biri rəqəmsal təhlükəsizlik imkanlarını gücləndirməklə yanaşı, üzv dövlətlər və müvafiq qurumlar arasında vahid və çevik kibermüdafiə mexanizminin formalaşdırılmasıdır.
Süsən Mərdalıqızı