“Aİ-nin əsas diqqəti Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlib”- DEPUTAT
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin əvvəlcə Azərbaycana, ardınca isə Ermənistana etdiyi səfər Cənubi Qafqazın Avropa İttifaqının xarici siyasətində artan əhəmiyyətini bir daha nümayiş etdirir. Regionda davam edən sülh prosesi, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat layihələri fonunda Aİ rəhbərinin hər iki ölkəyə ardıcıl səfəri müxtəlif siyasi şərhlərə səbəb olub. Xüsusilə, Lyayenin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşün gündəmində ikitərəfli əməkdaşlıqla yanaşı, regional sabitlik, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Avropa İttifaqının Cənubi Qafqazdakı rolu ilə bağlı məsələlərin də yer alacağı gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Avropa Komissiyası ciddi şəkildə Cənubi Qafqazda gedən proseslərdə yaxından iştirak etmək istəyir:
“Bu baxımdan da, təbii ilk növbədə həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlığını daha da gücləndirmək niyyətindədir. Bu səbəbdən də ilk olaraq Azərbaycana səfər etməsi, konkret olaraq burada Azərbaycanla bağlı Avropa Komissiyasının ən böyük gözləntilərinin dilə gətirilməsi və eyni zamanda, Avropa Komissiyasının özünün də bir sıra vacib təkliflərlə irəli çıxması onu göstərir ki, burada biz Avropa Komissiyası, bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında bərabər tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istəyini görürük. Avropa Komissiyasının rəhbərliyinin dilə gətirdiyi çox vacib mesajlar var. Önəmli olan məsələ odur ki, Avropa Komissiyası həm də çox vacib bağlılıq üzərindən sülh proqramı ilə bağlı çox vacib bir anonsunu dilə gətirir. Yəni ümumi həcmi 200 milyon avro olan bu proqram hətta gələcəkdə 2 milyard avroya qədər sərmayənin yatırılmasına gətirib çıxara bilər ki, bu da nəticə etibarilə Cənubi Qafqaz bölgəsində, məhz Azərbaycanda, xüsusilə də nəqliyyat, enerji və ya rəqəmsal dəhlizlərin qurulmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Bu prosesdə Avropa Komissiyasının fəallığı, xüsusilə də ilk olaraq Azərbaycana səfər etməsi və Azərbaycandan enerji təhlükəsizliyi sahəsində dəstəyin artırılmasına dair gözləntilərinin dilə gətirilməsi bilavasitə onu göstərir ki, burada ən böyük diqqət məhz Azərbaycanla olan tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönəlir. Ermənistanla olan münasibətlər isə Avropa Komissiyası ilə bir qədər fərqli kontekstdə qurulur. Azərbaycan beynəlxalq münasibətlər sistemində orta dövlət olaraq artıq bir çox regional layihələrin uğurlu şəkildə həyata keçirilməsinə zəmanət verən tərəf qismində çıxış edir”.
Azər Allahverənov qeyd edib ki, bir çox təşəbbüslərin irəli sürülməsi bilavasitə Azərbaycanın iştirakı ilə baş verir:
“Cənubi Qafqazda bu təşəbbüslərin icra olunması həm də regional mahiyyət daşıyır. Bəzi hallarda isə ümumiyyətlə regionlararası bir bağlantını özündə ehtiva edir ki, bu da Avrasiya üçün önəmli olan inteqrasiya proseslərinin sürətlənməsinə gətirib çıxarır. Misal üçün, istər enerji sahəsində olsun, istərsə də nəqliyyat-logistika sahəsində. Ursula fon der Lyayenin dilə gətirdiyi mesajlar hər iki tərəfin strateji tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu göstərir.Təbii ki, Ursula von der Leyenin dilə gətirdiyi mesajlar, eyni zamanda, Azərbaycanın da bununla bağlı sərgilədiyi mövqe ondan xəbər verir ki, hər iki tərəf strateji tərəfdaşlığın dərinləşdirilməsində maraqlıdır və bunun üçün də Avropa Komissiyası bütün səylərini səfərbər etməyə hazır olduğunu göstərir".
Deputat Ermənistana səfərlə bağlı da fikirlərini bölüşüb:
“Ermənistanla münasibətlər bir qədər fərqli kontekstdə qurulsa da, Cənubi Qafqaz bölgəsində gedən proseslərdən kənar qurulmur. Konkret olaraq Avropa Komissiyasının məhz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bunun üzərindən gələcəkdə həyata keçiriləcək nəqliyyat və enerji layihələrinin uğurla icra olunmasında iştirakını xüsusilə nümayiş etdirmiş olur. Ermənistan iqtisadiyyatı üçün 18 milyon avro həcmində əlavə yardımın göstərilməsi, bütövlükdə isə 52 milyon avroluq dəstək paketinin tam şəkildə təqdim edilməsi ilə bağlı yanaşması, eləcə də Ermənistandan Avropaya ixrac olunan məhsullara idxal rüsumlarının ləğv edilməsi ilə bağlı çox vacib mövqenin dilə gətirilməsi bunu göstərir ki, Avropa Komissiyası Ermənistanın digər istiqamətlərdə itirdiyi iqtisadi imkanları məhz Avropa İttifaqı istiqamətində qazanmasına şərait yaratmış olur. Bu da nəticə etibarilə Ermənistanın Rusiyadan asılılığının minimuma endirilməsi ilə bağlıdır. Cənubi Qafqaz bölgəsi Avropa İttifaqı ilə, xüsusilə də Avropa Komissiyası vasitəsilə yeni əməkdaşlıq mərhələsinə daxil olur. Bu əməkdaşlıqda xüsusi diqqət Azərbaycanla olan strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlir. Bu da nəticə etibarilə ölkəmizin Cənubi Qafqaz bölgəsinin lider ölkəsi olduğunu xüsusilə təsdiq edir”,- deyə Azər Allahverənov fikrini tamamlayıb.
Mehriban Yariyeva