Aİ-nin Ukraynaya 106 milyard dollarlıq faizsiz krediti
Avropa İttifaqının Ukraynaya 106 milyard ABŞ dolları həcmində faizsiz kredit ayırması Avropanın Ukraynaya yönəlik maliyyə və təhlükəsizlik strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir.
Mövzu ilə bağlı enerji məsələləri üzrə iqtisadçı ekspert Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı dekabrın 19-da Budapeştdə keçirilən görüşdə Ukraynaya genişmiqyaslı maliyyə dəstəyi göstərilməsi barədə qərar qəbul edib:
“Söhbət təxminən 90 milyard dollarlıq maliyyə paketindən gedir və bu qərar ümumi siyasi konsensus şəraitində qəbul olunub. Macarıstan və Çexiya kreditin birbaşa maliyyələşdirilməsində iştirak etməmək şərti ilə qərarın qəbuluna razılıq veriblər. Bu paket Ukraynaya indiyədək təqdim edilən ən iri maliyyə yardımlarından biridir. Bu maliyyə resursları əsasən silahlanma və hərbi texnikanın alınmasına sərf olunur. Paralel olaraq, beynəlxalq danışıqlarda böyük güclər arasında maraqların uzlaşdırılması cəhdləri müşahidə edilir ki, bu da Ukraynanın danışıqlar mövqeyini zəiflədən amillərdən biri kimi çıxış edir”.
Sadiq Həsənov qeyd edib ki, Avropa İttifaqının maliyyə dəstəyi Ukraynanın mövcudluğunu qoruması baxımından həlledici əhəmiyyət daşıyır:
“Avropa İttifaqının ümumi büdcəsi təxminən 16 trilyon dollar səviyyəsində qiymətləndirilir və bu, Ukraynaya dəstəyin maliyyə baxımından mümkünlüyünü təmin edir. Müharibənin yaxın illərdə də davam edəcəyi istisna edilmir. Aİ-nin maliyyə dəstəyini dayandırması Ukraynanın ciddi strateji məğlubiyyəti ilə nəticələnə bilər ki, bu da Avropa üçün təhlükəsizlik, iqtisadi və maliyyə sabitliyi baxımından əlavə risklər yaradar”.
Fatimə Hüseynli
