00:00:00
Yazar
Admin User
15.12.2025 17:02 108 2 dəq oxuma
İqtisadiyyat

Aİ Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurur

Aİ Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurur

Avropa İttifaqı (Aİ) Rusiyanın xarici aktivlərini qeyri-müəyyən müddətə dondurma qərarı qəbul edib. Qərarın əsas məqsədi Ukraynaya maliyyə dəstəyi göstərmək və Rusiyanın beynəlxalq iqtisadi təsirlərini məhdudlaşdırmaqdır.

 

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli “İnformator.az”a bildirib ki, bu qərar xüsusilə Avropa bank sistemi üçün ciddi nəticələr yarada bilər:

 

“Təbii ki, burada xüsusilə Avropanın bank sistemi aparatı var ki, bundan bütün dünya istifadə edir və bundan etimadsızlıq yarana bilər. Halbuki belə hallar əvvəllər İranın hesablarında da baş verib. Bu hallar artarsa, gələcəkdə Avropa bank sisteminin etibarlılığına və reputasiyasına mənfi təsir göstərə bilər. Kapital axınlarında problemlər yarana bilər, bəzi şirkətlərin birbaşa əlaqəsi olmasa da narahatlıq yarana bilər. Eyni zamanda bu, Çinə və digər ölkələrə də şübhələr yarada bilər. Əgər bəzi ölkələr alternativ ödəniş yolları taparsa, Avropaya qarşı etimadsızlıq formalaşa bilər. Avropa öz gücündən istifadə edir, lakin bu proseslər digər ölkələrin iqtisadiyyatına təsir edəcək və Rusiyada müəyyən cavab addımları atıla bilər”.


Ekspert bildirib ki, Aİ-nin 210 milyard avroluq Rusiya aktivlərini dondurması Avropanın maliyyə sabitliyi və investisiya mühitinə təsir göstərə bilər:

 

“Bu qərar qısa müddətdə sabitliyi qorusa da, uzunmüddətli perspektivdə investorların etimadına təsir edə bilər. Böyük dövlətlər gələcəkdə Avropa maliyyə sisteminə vəsait yerləşdirməkdə ehtiyatlı ola bilərlər. Rusiya dövlətinə məxsus aktivlərin belə istifadə olunması əvvəllər nadir hallarda olub. Bu, gələcəkdə digər ölkələrin aktivlərinin dondurulması ilə bağlı hüquqi mübahisələr üçün nümunə ola bilər. Böyük dövlətlər öz ehtiyatlarını Qərb maliyyə sistemində saxlamaqdan çəkinə, alternativ maliyyə kanallarına yönələ bilərlər ki, bu da qlobal kapital axınlarının dəyişməsinə və beynəlxalq investisiya qərarlarında ehtiyatlı yanaşmaların artmasına səbəb olacaq”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər