Aİ Şurası Ukraynaya 2,3 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib
Ukrayna Avropa İttifaqının (Aİ) yardım mexanizmi çərçivəsində təxminən 2,3 milyard avro məbləğində növbəti maliyyələşdirməni alacaq. Bu, Kiyevi dəstəkləmək üçün müntəzəm ödənişlərin altıncı tranşıdır. Qərar Ukraynanın altıncı tranş üçün zəruri olan səkkiz tələbi yerinə yetirməsindən və dördüncü tranş çərçivəsində yerinə yetirilməmiş bir addımı tamamlamasından sonra qəbul edilib.
Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli "İnformator.az"a açıqlamasında bildirib ki, müxtəlif sahələrə əlavə vəsait tələb olunur:
"Ukrayna vəziyyətinə diqqət yetirdikdə görürük ki, ölkə hazırda müharibə şəraitində yaşayır. Belə bir dövrdə Ukraynaya göstərilən istənilən yardım, xüsusən də 2,3 milyard avroluq dəstək, təbii ki, həm millət, həm də dövlət üçün çox önəmlidir. Çünki müharibə şəraitində həm bərpa işləri, həm də büdcədə yaranan çatışmazlıqların aradan qaldırılması üçün müxtəlif sahələrə əlavə vəsait tələb olunur və bu yardımlar həmin problemlərin həllinə yönəldiləcək. Amma bunu da qeyd etmək lazımdır ki, iqtisadiyyat böyükdür və tək bir yardım paketi ilə bütün problemlərin tam həll olunacağını demək düzgün olmazdı. Hər bir halda mütəmadi tranşların ayrılması mühümdür və artıq müxtəlif ölkələrin göstərdiyi bu cür köçürmələr böyük bir məbləğ təşkil edir. Ukrayna da tədricən bu yardımlara öyrəşir və iqtisadiyyatın bir hissəsi son dövrlər məhz bu dəstək üzərində formalaşır. Digər tərəfdən Avropa İttifaqının da bölgədə öz maraqları var. Müharibə dövründə müəyyən demoqrafik problemlərin, o cümlədən qaçqın axınının idarə olunması, rus qazından asılılığın azaldılması və ümumilikdə regionda təsir imkanlarının genişləndirilməsi Aİ üçün önəmlidir. Yəni bu yardımlar təkcə humanitar məqsəd daşımır, həm də Avropa İttifaqının siyasi-iqtisadi maraqlarına xidmət edir. Əks halda, məsələn, bizim ərazilərimiz işğal altında olanda bizə bu səviyyədə yardım göstərilmirdi. Deməli, burada yaxınlıq və strateji maraqlar mühüm rol oynayır".
Xədicə Məhərrəmli
