Aİ və Kanada hərbi əməkdaşlığı genişləndirir: ABŞ amili ön plana çıxır
Avropa İttifaqı (Aİ) ilə Kanadanın Arktikadan Qara dənizə qədər müdafiə əməkdaşlığını genişləndirmək planı beynəlxalq təhlükəsizlik baxımından diqqət çəkir. ABŞ-nin NATO-dakı roluna dair müzakirələrin artdığı bir vaxtda bu təşəbbüs Avropanın müdafiə imkanlarını gücləndirmək və transatlantik hərbi tərəfdaşlığı inkişaf etdirmək cəhdi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlunun “İnformator.az”a açıqlamasına görə, bu əməkdaşlığın genişlənməsinin əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun NATO-ya münasibətində fərqli yanaşmanın formalaşmasıdır:
“ABŞ-nin alyans çərçivəsində əvvəlki səviyyədə iştirakını təmin etmək niyyətində olmadığı müşahidə edilir. Bu vəziyyət Kanada ilə Avropa İttifaqını hərbi əməkdaşlığı gücləndirməyə və gələcək təhlükəsizlik təminatlarını möhkəmləndirməyə sövq edə bilər. Kanadanın Arktikadan Qara dənizə qədər uzanan coğrafiyada Avropa ilə əməkdaşlığını genişləndirməsi regiondakı təsir imkanlarını artırmaq məqsədi daşıya bilər. ABŞ-nin Avropanın təhlükəsizliyindəki rolunun dəyişməsi fonunda Kanada bu istiqamətdə yaranan boşluğu qismən doldurmağa çalışa bilər. Tərəflər arasında müdafiə sənayesi sahəsində koordinasiyanın gücləndirilməsi isə hərbi imkanlardan daha səmərəli istifadəyə şərait yarada bilər. Əməkdaşlığın genişləndirilməsi həm Kanadanın geosiyasi maraqları, həm də Avropanın əlavə təhlükəsizlik təminatları əldə etmək zərurəti ilə bağlıdır. Kanada Avropadakı təsir imkanlarını artırmağa, Avropa ölkələri isə müdafiə potensialını gücləndirməyə çalışır. Bu baxımdan, Aİ ilə Kanada arasında hərbi tərəfdaşlığın dərinləşməsi tərəflərin gələcək təhlükəsizlik strategiyalarının mühüm istiqamətlərindən biri kimi çıxış edir”.
Fatimə Hüseynova