İran Hörmüz boğazında xəbərdarlıq edib: Gərginlik artır
İran Hörmüz boğazında naviqasiya təhlükəsizliyi qaydalarını pozan gəmilərə qarşı xəbərdarlıq edib. Strateji əhəmiyyətli su hövzəsində baş verən bu addım bölgədəki gəmiçilik proseslərini diqqət mərkəzinə gətirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Hörmüz boğazı ticarət dəhlizidir və beynəlxalq azad naviqasiya hüququna görə bütün dövlətlər bu haqdan, hüquqdan azad şəkildə istifadə edir. İran da bu təhlükəsizliyi təmin edən həmsərhəd ölkələrdən biridir:
" Hörmüz boğazının istər İran, istər Oman marşrutu istiqamətində müxtəlif səviyyəli minalar düzməklə azad naviqasiyanı İran qarşısına alır. Bunun müqabilində məsuliyyət daşımaq əvəzinə bütün ticarət gəmilərinə xəbərdarlıq edir. Yəni qanunsuzluğu həyata keçirən bilavasitə İran rejiminin özüdür. Hər gün İran bu cür xəbərdarlıqlar edir. İranı qane etməyən məqam bundan ibarətdir ki, İran Hörmüz boğazını özünün yeganə təsir və təzyiq mexanizmi olaraq görür”.
Politoloqun sözlərinə görə, o baxımdan Hürmüz boğazının işlək olması İranın indiki vəziyyətdə maraqlarına uyğun gəlmir:
“Buna qarşı adekvat addımlarda isə, Amerika Birləşmiş Ştatlarından başqa ciddi addımlar atan bir dövlət mövcud deyil. Çünki bütün dövlətlər istər regional, istər qeyri-regional dövlətlər, güc mərkəzləri yalnız quru bəyanatlarla yetinməyə üstünlük verirlər. Yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır ki, bu cür ticarət gəmilərinə olunan hücumlara, hərbi və konkret məhdudiyyətlərə sərt cavab verir. Bu sadəcə böyük bir hay-küydür, çünki İran dron və raketlərdən istifadə edərək hələ də ciddi hərbi gücə malik olduğunu hədələyici notlarla mesaj verir. Hər bir dövlətin İrandan icazə almadan Hörmüz boğazından keçə bilməyəcəyi mesajı verilir. Bu bütün dövlətlərə, ticarət gəmilərinə olan hədədir. Bunu qəbul edənlər də var, etməyənlər də var. Məsələn, Amerika Birləşmiş Ştatları kimi hegemon güc hələlik qəbul etmir, çünki İrana bütün məhdudiyyətləri tətbiq edən ABŞ hələ də dəniz blokadasını davam etdirir. O cümlədən İranın arxasında ABŞ qorxusu və domokl qılıncı hələ də saxlanılır. Çünki ya bu gün, ya sabah ABŞ-in İsraillə birgə yenidən İrana qarşı hərbi əməliyyatlar keçirmə qorxusu mövcuddur".
Xədicə İsmayılova