00:00:00
Yazar
Banuçiçək Məmmədova
27.04.2026 16:55 23 2 dəq oxuma
Sosial

Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar

Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair mühüm qərar qəbul edib. Qərar məhkəmə təcrübəsinin vahidliyinin təmin olunmasına yönəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

 

Bildirilib ki, iş materiallarına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın ödənilməsi barədə məhkəmə qərarı çıxarılıb. Qərar qismən icra edilsə də, 20.250 manat məbləğində borc ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri müəyyənləşib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qalan məbləğin tutulması üçün müraciət etsə də, icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verib. Bundan sonra varis eyni tələb üzrə yenidən məhkəməyə iddia qaldırıb və aşağı instansiya məhkəmələri iddianı təmin edib.

Ali Məhkəmə isə işə baxarkən qeyd edib ki, məhkəməyə müraciət hüququ mövcud olsa da, bu hüquq yalnız qanunla müəyyən edilmiş prosessual çərçivədə həyata keçirilə bilər. Qərarda vurğulanıb ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları təkrar mübahisə predmeti ola bilməz və onların icrası təmin olunmalıdır.

Məhkəmə həmçinin bildirib ki, icra mərhələsində tərəflərin vəfatı halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi “İcra haqqında” Qanunun tələbinə uyğundur. Vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir.

Ali Məhkəmə belə qənaətə gəlib ki, mövcud qərarın icrası təmin olunmadan eyni tələb üzrə yeni iddia qaldırılması qanunvericiliyə ziddir və bu kimi mübahisələr icra mexanizmi çərçivəsində həll edilməlidir. Nəticədə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edib.

#baki #təkrar #azərbaycan #qərar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər