Aliment ödəyən ata uşağını görə bilmirsə, nə etməlidir? -Qanun nə deyir?
Boşanmadan sonra ən çox yaranan mübahisələrdən biri aliment və uşaqla görüş məsələsidir. Bəzən uşaq ananın yanında qalır, ata isə aliment ödəsə də, övladını görməkdə çətinlik çəkir. Bəs ana uşağın atası ilə görüşməsinə qadağa qoya bilərmi?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlərin uşaqları ilə ünsiyyət hüququ onların aliment ödəyib-ödəməməsindən ayrıca qiymətləndirilir.Yəni valideyn aliment ödəmirsə belə, bu hal avtomatik olaraq onun uşaqla görüşmək hüququnun ləğv edilməsi demək deyil.Eyni zamanda, aliment ödəyən valideynin də uşağın digər valideyni tərəfindən əsassız şəkildə övladından uzaqlaşdırılması qanuni hesab edilmir.
Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna malikdir.O, həmçinin uşağın tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həllində iştirak edə bilər.Bu hüquq yalnız uşağın mənafeyinə zidd olan xüsusi hallar olduqda məhdudlaşdırıla bilər.
Ana və ya ata görüşə mane ola bilərmi?
Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən, uşaqla birlikdə yaşayan valideyn digər valideynin uşaqla ünsiyyətinə əsassız mane olmamalıdır.
Yəni ana uşağın onunla yaşamasından istifadə edərək atanın övladını görməsinə səbəbsiz şəkildə qadağa qoya bilməz.Eyni qayda uşaq ata ilə yaşadığı halda ana üçün də keçərlidir.
Razılıq mümkün deyilsə, nə etmək lazımdır?
Valideynlər uşaqla görüşün vaxtı və qaydası barədə razılığa gələ bilmədikdə, məsələ məhkəmə yolu ilə həll edilə bilər.
Məhkəmə uşağın yaşını, gündəlik həyat rejimini, valideynlə münasibətlərini və ən əsası, uşağın mənafeyini nəzərə alaraq görüş qaydasını müəyyən edə bilər.Məhkəmə uşağın müəyyən günlərdə, həftəsonları və ya başqa qaydada digər valideynlə görüşməsini müəyyən edə bilər.
Səkinəbəyim Cəfərova