Aliment qərarları sərhəd tanımayacaq: Azərbaycan beynəlxalq icra mexanizminə qoşulur
Azərbaycan alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə icrasını təmin edən mexanizmə qoşulur. Məsələ Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan və 1993 və 2002-ci il konvensiyalarına dəyişiklikləri nəzərdə tutan qanun layihələrində əksini tapıb. Dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment qərarlarının digər ölkələrdə tanınması və icrası asanlaşacaq, bu da dövlətlərarası hüquqi əməkdaşlığı gücləndirərək uşaqların maddi təminatının daha effektiv qorunmasına imkan verəcək.
Mövzu ilə bağlı vəkil Tural Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, aliment öhdəliklərinin icrasından yayınma və məhkəmə qərarlarının icra edilməməsi cəmiyyətdə aktual problemlərdən biridir:
“Ümumilikdə, layihədə Konvensiyanın bir sıra maddələrinə dəyişikliklər edilərək, məhkəmə qərarlarının digər dövlətlərdə tanınması prosedurlarının daha aydın və operativ mexanizmlərlə tənzimlənməsi, qərarların icrası üçün tələb olunan sənədlər və onların təqdim olunma qaydalarının konkretləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan demək olar ki, dəyişikliklər aliment ödənişlərinin toplanmasına müsbət təsir göstərəcək”.
Vəkil qeyd edib ki, yeni mexanizm aliment öhdəliklərinin beynəlxalq səviyyədə icrasını gücləndirəcək:
“Bu mexanizm aliment ödəməkdən yayınan şəxslərin məsuliyyətini artırır, dövlətlər arasında əməkdaşlığı gücləndirir və ən əsası uşaqların hüquqlarının daha effektiv qorunmasına xidmət edir. Ölkə daxilində aliment öhdəliklərinin icrası ilə bağlı problemlər müxtəlif səbəblərlə əlaqədardır: Bu problemlər daha çox aliment ödəməli olan şəxsin maddi baxımdan aztəminatlı olması, ölkə hüdudlarından kənarda yaşaması, borclunun yeni nikaha daxil olması ilə bağlı yaranan sosial hallar, utərəflər arasında mövcud ixtilaflar, bəzən aliment alan şəxsin sui-istifadə halları, eləcə də borclunun qərəzli şəkildə öhdəliyini icra etmək istəməməsi ilə bağlıdır”.
Fatimə Hüseynli