Alimlər osteoartrit üçün kök hüceyrələr əsasında yeni dərman hazırlayıblar
Con Hopkins Universitetinin və "SereNeuro Therapeutics" şirkətinin alimləri osteoartrit xəstəliyinin müalicəsi üçün kök hüceyrələrdən əldə edilən innovativ preparat təqdim ediblər.
Mövzu ilə bağlı olaraq tibb üzrə ekspert Aydın Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki,kök hüceyrələr insanın toxumalarında yerləşir:
“Bədənimiz, hərəkət sistemimiz başdan ayağa oynaqlardan ibarətdir. Həmin oynaqlarda, onların qığırdaq qısımlarında sinir və qan damarları yoxdur. Yəni bu olmadıqda həmin hissələrin, o qığırdaqların, oynaqların bərpa olunması mümkün olmur. Yəni onlarda maye quruyur, qurumağa meyilli olur. Çünki yenə dediyim kimi, damarlar, sinirlər yoxdur ki, oradan maye gəlsin. Bu mümkün olmur. Ona görə də oynaq xəstəlikləri bu səbəbdən çox olur. Diaqnozları da çoxdur. Bəs kök hüceyrələr nədir? Kök hüceyrələr bütün insanların bədənində, toxumalarında, damarların ətrafında yerləşirlər. Bu toxuma hüceyrələri ,yəni kök hüceyrələr həmin hissələr zədələnəndə aktivləşirlər, həmin yerin toxuması bərpa olunmağa başlayır, zədələnmiş hissələr sağalmağa başlayır. Burada sümük, oynaq, sinir, piy kimi fərqli toxumalara çevrilə bilirlər. Yəni kök hüceyrələr dediyimiz, bu toxumalara çevrilə bilən hüceyrələrdir. Bədən də bu yolla sağalır və kök hüceyrələrdən istifadə tibbdə aktual məsələyə çevrilmişdir və bunlardan istifadə olunmağa başlanmışdır.
Ona görə də kök hüceyrələrlə bağlı yeni-yeni dərmanların, maddələrin hazırlanması normal haldır. Amma qəbul olunmuş bir qayda var: alimlərin təcrübəsindən sonra istənilən maddə, o cümlədən kök hüceyrələrin bədənə təsiri, nə zaman və nə üçün istifadə olunması xüsusi ekspertizalardan keçir. Yalnız bundan sonra müəyyən xəstələrdə istifadəsinə icazə verilir. Yəni kimlərə icazə verildiyi müəyyən olunur. Bütün bu mərhələlər keçdikdən sonra satışa buraxılır”.
Arzu Poladova
