Alkoqolizm: Asılılığın sosial və psixoloji nəticələri
Alkoqolizm-insanın alkoqoldan psixoloji və fiziki asılılığının yaranması ilə formalaşan ciddi bir sağlamlıq problemidir. Bu asılılıq yalnız şəxsin özünü deyil, ailəsini, ətrafını və bütöv cəmiyyəti təsirləndirə bilər. Mütəxəssislər qeyd edirlər ki, alkoqolizm təkcə içki qəbul etməkdən ibarət deyil; o, düşüncəyə, davranışlara, emosiyalara və gündəlik həyata dərin təsir göstərən bir pozuntudur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Cəmilə Rəhimli bildirib ki, alkoqol asılılığı davamlı şəkildə alkoqol qəbulu nəticəsində istifadəyə nəzarətin itirilməsi və istifadə edə bilmədikdə gərgin, aqressiv emosional vəziyyətin ortaya çıxdığı bir haldır:
“Bir çox insanda başlanğıc emosional tənzimləmə çətinliyi ilə əlaqəli olur: stress, travma, boşluq hissi, özünü dəyərsiz hiss etmə və s. kimi vəziyyətlərdə qısa müddətli rahatlamaya kömək edir. İnsan görür ki, içəndə narahatlığı bir müddət azalır-beyin bunu mükafat kimi qeyd edir. Zamanla bu pozitiv möhkəmlənmədən (özünü yaxşı hiss etmək üçün içmək) neqativ möhkəmlənməyə keçir: insan artıq yoxsunluq simptomlarından (gərginlik, narahatlıq, craving) qaçmaq üçün içir. Uzunmüddətli istifadədə beynin mükafat sistemində (xüsusilə dopamin sistemində), stress sistemlərində və frontal payda struktur-funksional dəyişikliklər yaranır; bu da nəzarəti daha da zəiflədir. Alkoqolun qəbulu zamanı özünə nəzarət bacarıqları zəifləyir və şəxs impulsiv davranışlar edir. Qısa müddətli emosional rahatlama olsa da, uzun vədədə daha gərgin, depressiv hiss edir. İstifadəni idarə edə bilmədiyini gördükcə özdəyər aşağı düşür, günahkarlıq və utanc hissləri yaranır. Daha ağır mərhələlərdə özünəqəsd də görülə bilər. Bundan əlavə davranışlarda olan dəyişiklik, məsuliyət ala bilməmək, yalan danışmaq və s. səbəbilə sosial münasibətlər də zərər görür və şəxs tənhalaşmağa, özünə qapanmağa başlayır. Alkoqol probleminin olub olmadığını kənardan müşahidə edərək görmək mümkündür. Şəxs davamlı içəcəyini dediyi miqdarı keçirsə, hərgün mütləq içirsə, içmədiyi vaxt gərgin və stresslidirsə, tez özündən çıxır, özünə qapanırsa, bir fəaliyyət zamanı öncəlik orda içkinin olmağı, tapılmağıdırsa, hadisələri içməyə bəhanə kimi istifadə edirsə bu davranışlar alkoqol asılılığından şübhələnməyə əsas verər”.
Banuçiçək Məmmədova
