00:00:00
Yazar
Admin User
20.11.2025 18:06 158 2 dəq oxuma
İqtisadiyyat

Almaniya Azərbaycandan neft alışını 9 %-dən çox artırıb

Almaniya Azərbaycandan neft alışını 9 %-dən çox artırıb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyəri isə 10,3 % azdır.Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,61 % olub.

 

Mövzu ilə bağlı Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, neftin miqdarı artsa da, ixracın dəyəri azalıb:

 

"Almaniya Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə əlavə enerji idxal mənbələrini şaxələndirməyə çalışır və bu enerji şəbəkələrinin şaxələndirilməsi siyasətində biz də Rusiyaya alternativ olaraq həmin ölkəyə ixracımızı artırmışıq. Bunun əsas səbəbi də məhz budur. Digər məsələ ondan ibarətdir ki, neftin miqdarı artsa da, ixracın dəyəri azalıb. Bu isə təbii ki, neftin dünya bazarında qiymətinin əhəmiyyətli dərəcədə düşməsi ilə bağlıdır və bu hal burada öz təsirini ciddi şəkildə göstərib. Ümumilikdə beş faizə qədər artım müşahidə olunur. Yəni qeyd etdiyiniz kimi, Almaniyanın ümumi neft ixracımızda dörd tam onda altı bir faiz paya sahib olması o deməkdir ki, Almaniya bu istiqamətdə bizim əsas neft ixrac etdiyimiz tərəfdaşlardan birinə çevrilməyə başlayır".


Ekspertin sözlərinə görə, Avropaya yönələn yeni neft ixracı infrastrukturunun bir qismi artıq formalaşıb:

 

"Bu isə əhəmiyyətlidir və iqtisadiyyatımız üçün müsbət göstəricidir. Çünki ümumi mənada Azərbaycan üçün Avropa, xüsusilə də Almaniya dayanıqlı və etibarlı bazar deməkdir. Biz həmişə çalışırıq ki, ixracımızı şaxələndirək və bu baxımdan neft ixracında ölkələr üzrə diversifikasiya bizim üçün önəmlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropaya yönələn yeni neft ixracı infrastrukturunun bir qismi artıq formalaşıb, bir qismi isə gücləndirilir. Bu da bizim üçün müsbət hal sayılır. Ən önəmlisi isə strateji baxımdan əhəmiyyətidir. Çünki bu gedişat göstərir ki, Azərbaycan hələ də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edir və mövqeyini bu istiqamətdə daha da gücləndirir. Ümid edək ki, gələcəkdə neft ixracımızda hazırkı azalma tendensiyası aradan qalxacaq. Əgər imkan olsa, neft ixracının artırılması və Almaniya ilə əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatımız baxımından müsbət hal kimi qiymətləndirilə bilər".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər