Almaniya Ukraynaya yeni yardım paketi ayırıb
Almaniyanın yeni yardım paketi Ukraynanın enerji təhlükəsizliyini və hava hücumundan müdafiə imkanlarını gücləndirməyə yönəlib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki,Ümumiyyətlə Ukraynaya müxtəlif yönlərdə yardımların ayrılması müharibənin hələ uzun müddət davam edəcəyini göstərir:
“Almaniyanın Ukraynaya ayırdığı 1,3 milyard avrodan çox dəyərindəki yeni hərtərəfli yardım paketi Ukraynanın qarşıdan gələn qış mövsümündə enerji sabitliyini qorumağa, həmçinin hava hücumundan müdafiə imkanlarını gücləndirməyə birbaşa xidmət edir. Demək olar ki, payız və qış ərəfəsində Rusiya qüvvələrinin kritik infrastruktura mümkün zərbələrinin qarşısını almaq, enerji sistemini bərpa etmək və sabitliyi təmin etmək üçün təcili vəsaitlər ayrılıb. Eyni zamanda paketin tərkibinə İran istehsalı olan reaktiv dronlara qarşı yeni ələkeçirici qurğuların və müvafiq raketlərin istehsalı üçün maliyyə vəsaiti daxildir ki, bu da səmanın qorunmasını gücləndirir. Cari dövrdə cəbhə xəttinin ehtiyacları üçün zəruri olan silahların tədarükü, həmçinin iki ölkə arasında birgə istehsal və sənaye sifarişləri kimi strateji layihələr davam etdirilir”.
Politoloq qeyd edib ki, bu hərbi-energetik dəstək paketi müharibənin şiddətləndiyi və Rusiyanın təzyiqlərini artırdığı bir dövrdə Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməklə yanaşı, ölkənin uzunmüddətli dayanıqlığına mühüm töhfə verir.
Bu kimi yardımlar Ukraynanın Rusiya qarşısında dayanıqlılıq qabiliyyətinin artırılmasına hesablanıb. Bütün bu kimi dəstəklərlə yanaşı Qərb dövlətləri Ukraynaya həm də müasir silah və sursatlar, mümkün müdafiə qurğuları və kəşfiyyat sahəsində müvafiq tədbirlərdə strateji dəstək verirlər. Lakin hər şeyə rəğmən müharibədə sonu həll yoluna gətirib çıxaracaq dərəcədə təsirli vasitələr hələ ki, ortada yoxdur.
Nurgün Qənizadə