Almaniyanın idxal və ixrac həcmi azalıb
Almaniyanın idxal və ixrac həcmlərinin azalması ölkə iqtisadiyyatında yaranan yeni çətinlikləri gündəmə gətirib və bu vəziyyət həm daxili bazara, həm də xarici ticarət əlaqələrinə təsir göstərməkdədir.
Mövzu ilə bağlı olaraq iqtisadçı Rəşad Həsənov "İnformator.az" a açıqlamasında bildirib ki, Almaniyanın iqtisadiyyatında zəifləmələr mövcuddur:
"Ümumiyyətlə, son 5 il Almaniya iqtisadiyyatı üçün çətin dövr hesab olunur. Xüsusilə də, pandemiyadan sonra dəyər zəncirlərində yaranmış pozulmalar istehlak imkanlarının məhdudlaşmasından qaynaqlanan prosesdir. Daha sonra Ukrayna konflikti fonunda dərinləşən enerji böhranı, artan inflyasiya kimi proseslər də müşahidə olunmaqla, Avropanın böyük sənayesinin ən böyük iqtisadiyyatının zəif böyümə mərhələsinə daxil olmasına və uzunmüddətli dövrdə formalaşması risklərini artıran amillərdəndir. Eyni zamanda, Almaniya iqtisadiyyatına fundamental istiqamətlərdə də müəyyən çətinliklər vardır. Həm ifrat tənzimləmə, həm bahalı işçi qüvvəsi, həm işçi qüvvəsi istiqamətində çatışmazlıqlar, digər tərəfdən sənayenin yeni dəyişən şərtlərə uyğunlaşmasında müəyyən gecikmələr olması, xüsusilə də rəqəmsallaşmadakı gecikmələr, Almaniya iqtisadiyyatının bir sıra hallarda bazarlarda rəqabət aparması imkanına mənfi təsir göstərən amillərdir. Xüsusilə də Çin, Hindistan kimi yeni ortaya çıxmış və sürətlə ixrac potensialını artıran ölkələrə münasibətlərdə də. Son dövrlərdə bu fundamental problemlər Almaniya iqtisadiyyatı üçün uzun müddətdir ki, müzakirə olunur. 2025-ci ildə ən böyük problem məhz ABŞ administrasiyasının həyata keçirdiyi siyasətdir ki, ABŞ-yə ilə Avropa Birliyi arasında bir çox məhsullar üzrə 15%-lik rüsumun tətbiqi ilə bağlı razılığın əldə olunması ilə nəticələnən bu proses sonda Avropanın ABŞ-yə ən çox məhsul ixrac edən ölkəsi olaraq, Almaniyanın ticarət şərtlərinin pisləşməsinə gətirib çıxarır".
Həmçinin iqtisadçı vurğulayıb ki, Almaniyanın iqtisadiyyatında müsbət göstəricilər də var:
"Nəticədə ötən ayın göstəricilərinə görə Almaniyadan ABŞ-yə ixrac 7,9% azalıb. Bu çox ciddi göstəricidir, nəzərə almaq lazımdır ki, Almaniya və ABŞ arasında ticarət dövriyyəsi 300 milyarda çatır. Belə bir şəraitdə təbii ki, bu, Almaniyanın iqtisadiyyatının da 0,1% kiçilməsi ilə, eyni zamanda ticarətin əvvəlki ayla müqayisədə 0,7% azalması ilə nəticələnib. Hazırda çox mürəkkəb şərtlərin formalaşdığı müzakirədə Almaniya iqtisadiyyatının mübarizə apardığını müşahidə edirik. Bir sıra istiqamətlərdə mənfi göstəricilər, digər istiqamətlərdə müsbət göstəricilər vardır. Almaniyanın Avropa Birliyi daxilində ixracında artımlar müşahidə edirik. 2,5%-lik artım qeyd olunur. Sənaye istehsalında 1,3% artım olmuşdur, ötən ay ərzində maraqlı şəkildə istehlakın artımı baş verib. Amma buna baxmayaraq, başqa bir tərəfdən də ixracın azalmasını, investisiya qoyuluşlarının azalmasını görürük. Bütövlükdə, bu proses Almaniyada biznesin orta və uzunmüddətli dövr üçün gözləntilərini nisbətən zəiflədir. Bu prosesin Avropa Birliyi iqtisadiyyatına, region iqtisadiyyatına təsiri olsa da, mövzu qarışıq indikatorlar üzrə fərqli simptomların ortaya çıxdığı şəraitdə düşünürəm ki, vəziyyətin pozitiv istiqamətdə inkişaf etdirilməsi ilə bağlı imkanlar mövcuddur".
Sonda Rəşad Həsənov qeyd edib ki, Almaniya iqtisadiyyatı yenidən sürətlə inkişaf edən ölkələr sırasına daxil ediləcək:
"Doğru siyasətin izlənməsi və orta müddətli dövrdə ABŞ-yə istehlakçılarının yeni qiymətlərə, şəraitlərə uyğunlaşması nəticəsində Almaniyanın ABŞ-yə ixracının mərhələli şəkildə yenidən bərpası və alternativ bazarlar üzərində rəqabətin artırılması, həmçinin texnologiyanın istehsalatda sürətli tətbiqi yolu ilə əmək bazarında mövcud olan dezavantajların bu və ya digər şəkildə kompensasiyası Almaniya iqtisadiyyatını yenidən sürətlə inkişaf edən ölkələr sırasına daxil edəcək. Çünki burada həm ciddi qruplaşma, ekosistemin halqalanması üzrə sağlam münasibətlər, digər tərəfdən sənayenin mövcudluğu əlavə rəy yaratma qabiliyyətinin orta və uzunmüddətli dövrdə gücləndirilməsi ilə bağlı mühüm imkanlar formalaşdırır. Başqa bir tərəfdən, hərbi xərclərin artması istiqamətində yeni yaranmış geosiyasi mövqedə düşünürəm ki, Almaniya çox böyük ehtimalla hərbi sənayeni yenidən inkişaf mərhələsinə daxil edəcəkdir. Özü özlüyündə artıq əlavə bir istiqamət kimi Almaniya iqtisadiyyatının böyüməsi üçün əlavə potensial formalaşdırır. Yeni resursların səfərbər edilməsi yolu ilə burada böyümə dinamikasını təmin etmək olar. Bu vəziyyətin, düşünürəm ki, digər ölkələrə təsiri olmayacaqdır, çünki bu rəqabətdir. Almaniya iqtisadiyyatı konservativ baxışlar əsasında idarə olunan iqtisadiyyatdır. Amma yeni çağırışlara sürətli adaptasiya ilə bağlı müəyyən siqnallar gəlməkdədir. Almaniya siyasətində düşünürəm ki, proseslər inkişaf etdiriləcəkdir. Əlbəttə ki, Almaniyanın əgər hansısa formada ciddi bir resessiyaya daxil olması və dünya bazarlarında öz ticarət gücünü itirməsi bir çox ölkələr üçün əlavə imkanlar formalaşdıra bilər. Çinin bazar payını artırması istiqamətində imkanlar yarada bilər. Almaniya sənayesi eyni zamanda dünyada avtomobil istehsalı sahəsində sözünü demiş ölkədir. Bu gün artıq Çin bu istiqamətdə mühüm rəqiblərdən biridir".
Arzu Poladova
