Anaların səssiz fədakarlığı
Ana mərhəmətin, şəfqətin, fədakarlığın və qarşılıqsız sevginin ən gözəl nümunəsidir. Onlar ömür boyu övladları üçün yaşayır, amma yaşadıqları hisslərin çoxunu heç vaxt dilə gətirmirlər. Elə həqiqətlər var ki, analar onları ürəklərində saxlayır. Çünki onlar üçün öz hisslərindən daha önəmli olan övladlarının xoşbəxtliyidir. Bir gün öz övladınız olanda siz də bunları daha dərindən anlayacaqsınız.
Ananız siz hələ onun bətnində ikən varlığınızdan xəbərdar olduqda göz yaşlarına hakim ola bilməyib və ağlayıb. Həmçinin, sizi dünyaya gətirəndə, ilk dəfə qucağına alanda da. O, sevincindən, qorxudan, bəzən keçirdiyi narahatlıq hissindən ötrü ağlayıb. Çünki siz artıq onun canından bir parçasınız. Həmin gündən etibarən sizin sevinciniz onun sevincinə, kədəriniz kədərinə çevrilib. Siz hiss etməsəniz belə, o bütün duyğularını sizinlə birlikdə yaşayıb. Bəzən süfrədə qalan son tikəni, boşqabdakı son payı və ya tortun son dilimini əslində, özü yemək istəyib. Amma sizin o son tikəyə iştaha ilə baxdığınızı görəndə gülümsəyərək deyib: "Onsuz da mən toxam, sən ye”,-deyib. Siz isə həmişə bunun sadəcə bir tikə yeməkdən ibarət olduğunu düşünmüsünüz. O isə sizin sevincinizi hər zaman öz istəyindən üstün tutub. Siz balaca olanda saçını dartmısınız, dırnaqlarınızla onu cızmısınız, bəzən də dişləmisiniz. O isə "heç nə olmadı",-deyərək buna əhəmiyyət verməyib. Halbuki o an onun da canı yanıb. Elə hamiləlikdə, doğuş zamanı və sonrakı saysız-hesabsız çətinliklərdə olduğu kimi... Amma o bunların heç birini heç vaxt sizə yük etməyib.
Bəzən siz istəmədən onun qəlbini qırmısınız. Sərt danışıb, səsinizi ucaltmısınız. Elə vaxt olub ki, verdiyiniz sözü tutmamısınız. O isə hər şeyə rəğmən "heç nə olmaz",-deyərək görməzdən gəlib. Çünki siz onun ən zəif yeri, ən böyük sevgisisiniz. Ananız sizi hər zaman özündən üstün tutub. Bəzən ac qalıb, yorğun halda gününü başa vurub, gecələrlə yatmayıb. Sırf siz rahat olun deyə bunların heç birini çətinlik hesab etməyib. Çünki onun üçün bu dünyada hər şeydən qiymətli olan sizsiniz. Və həyat ona yenidən seçim etmək imkanı versəydi, o yenə sizi seçərdi. Yenə eyni ağrıları çəkər, yuxusuz gecələr keçirər, min dəfə narahat olar və öz rahatlığından keçərdi. Çünki ana sevgisi qarşılıq gözləməyən, zaman keçdikcə azalmayan, əksinə hər gün bir az da böyüyən yeganə sevgidir.
Əgər bu gün ananız yanınızdadırsa, bunu böyük bir nemət bilin. Ona sarılın, əlini tutun, gözlərinin içinə baxaraq "səni sevirəm" demək üçün xüsusi bir gün gözləməyin. Çünki analar bu sözləri ömür boyu eşitməyi haqq edən insanlardır.
Ürfət Mirzəyev