"Aralıq seçkilər Trampın hakimiyyətinə necə təsir edəcək?"
ABŞ-də keçirilən aralıq seçkilər ölkənin siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkilərin nəticələri Konqresdə qüvvələr nisbətini dəyişə və prezident Donald Trampın qarşıdakı iki ildə həyata keçirəcəyi siyasətə təsir göstərə bilər. Demokratların qələbəsi Trampın qərarlarına nəzarəti gücləndirə, respublikaçıların üstünlüyünü qoruması isə onun mövqelərini daha da möhkəmləndirə bilər.
Mövzu ilə bağlı "İnformator.az"a politoloq Müşfiq Abdulla bildirir ki, ABŞ-də keçirilən aralıq seçkilərin Donald Trampın daxili və xarici siyasətinə, eləcə də prezidentlik səlahiyyətlərinə mümkün təsiri müzakirə olunur:
"Xarici və daxili siyasət baxımından prezident Donald Trampla demokratlar arasında münasibətlər və seçkilərin onun səlahiyyətlərinə mümkün təsirləri diqqət mərkəzindədir.Birincisi, demokratların qalib gəlmək şansı yüksək qiymətləndirilir. Keçirilən rəy sorğuları göstərir ki, seçkilərin nəticəsində Respublikaçılar Partiyası Konqresin ən azı bir palatasında üstünlüyünü itirə bilər. Trampla Demokratlar Partiyası arasında ciddi siyasi fikir ayrılıqları mövcuddur. Ehtimal olunur ki, demokratlar yenidən qalib gələrsə, Donald Trampın bir sıra strateji əhəmiyyətli qərarlarını, xüsusilə xarici siyasətlə bağlı addımlarını məhdudlaşdıra və ona qarşı impiçment elan edə bilərlər. Bu baxımdan Trampın Yaxın Şərqdəki müharibə, Ukrayna-Rusiya münasibətləri, Çinlə ticarət müharibəsi və Avropa ilə əlaqələr sahəsində atdığı addımlara ciddi təzyiqlər göstərilə bilər".
Siyasi ekspert qeyd edir ki, Demokratların Nümayəndələr Palatasında, Respublikaçıların isə Senatda üstünlük qazanacağı gözlənilir. Bu, Trampa qarşı təzyiqləri artıra bilər. Ekspertin sözlərinə görə, Tramp müxalifətin tələblərinə tabe olmadan öz siyasətini davam etdirmək istəyir, lakin əvvəlki imkanlarını itirir:
"Hesab edirəm ki, demokratlar xarici siyasətdə Trampa əsasən iki istiqamətdə təzyiq göstərəcəklər. Birinci istiqamət Yaxın Şərqlə bağlıdır. Demokratlar Trampı müharibəni dayandırmağa məcbur etməyə çalışacaqlar. Bununla da ABŞ-da benzin və dizelin qiymətini aşağı salmağa çalışacaqlar. Tramp isə beynəlxalq bazarda enerji qiymətlərinin artmasından istifadə edərək ABŞ-nin yanacaq satışından daha çox gəlir əldə etməsinə çalışır. Eyni zamanda, bu vəziyyət Çinin ucuz neft almasını çətinləşdirir. İrana qarşı gözlənilən hərbi əməliyyatlar uzun çəkməyəcək. İranın nüvə obyektlərinə, hərbi bazalarına və enerji müəssisələrinə zərbələr endirildikdən sonra Tramp bölgədən çəkilməyə çalışacaq. O, bunu qələbə kimi təqdim edərək İranın nüvə imkanlarının məhv edildiyini bəyan edə və ölkəni ABŞ-nin şərtlərini qəbul etməyə məcbur edə bilər. Amma yeni dünya düzəni qurulur. ABŞ donanmasını bölgədən çəksə də, Yaxın Şərqdə yeni təhlükəsizliyin necə formalaşacağı hələ məlum deyil".
Ekspertin fikrincə, Demokratlar Ukrayna məsələsində Trampa təzyiqləri artırmağa çalışacaqlar. Bu da Rusiyaya qarşı sanksiyaların yenidən gücləndirilməsinə, Ukraynaya əlavə silah verilməsinə və ABŞ-ın əvvəlki siyasətinə qayıtmasına səbəb ola bilər. Hətta Trampa qarşı vəzifədən uzaqlaşdırılma məsələsi də gündəmə gələ bilər. Bununla yanaşı, demokratlar Yaxın Şərqdən çəkilməyə, Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa, NATO ilə əməkdaşlığı gücləndirməyə və Çinlə ticarət gərginliyini azaltmağa çalışacaqlar.
"Aralıq seçkilərin nəticələrinin Donald Tramp 2028-ci ildə ABŞ prezidentliyinə üçüncü müddətə namizəd olmayacaq. Çünki o, artıq iki dəfə prezident seçilib. Qanunvericiliyi dəyişməyə çalışsa belə, ona bu imkanı verməyəcəklər.
Böyük ehtimalla, 2028-ci ildə demokratların namizədi prezident seçilə bilər. Düzdür, hazırda demokratların əsas problemi vahid liderlərinin olmamasıdır. Bu məsələ partiyadaxili ilkin seçkilər zamanı müəyyənləşə və yeni lider ortaya çıxa bilər.
Respublikaçıların namizədinin vitse-prezident Ceyms Devid Vens olacağı gözlənilmir. Çünki onun Amerika cəmiyyətində kifayət qədər nüfuzu yoxdur. Bu baxımdan Marko Rubionun şansı daha yüksək qiymətləndirilir. Hətta Amerika yəhudi lobbisinin, eləcə də Respublikaçılar daxilindəki müəyyən dairələrin Marko Rubionun namizədliyini dəstəkləməsi 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi seçilmə şansı yüksəkdir".
Ayan Məmmədzadə