Artıq qıfıldan əsər-əlamət yoxdur
İndi bütün yollar bizi 31 il öncə işkəncələr görərək, yalın ayaqla tərk etmək məcburiyyətində qaldığımız Xocalıya aparır. İllər sonra ilk dəfə olaraq Əsgərandan keçərək, Xocalı torpaqlarına ayaq basan əməkdaşlarımızın yol boyu gördüklərini ordan sürünə-sürünə çıxanlar şərh edəcək. Erməni vəhşiliyini unutmamaq və unutdurmamaq üçün.
Xocalı sakini Arb xəbərə açıqlamasında deyir ki, illər öncə Qarqarı keçərək, meşə yolu boyunca meyitlərin içi ilə axtara-axtara Ağdama istiqamət aldıq.
“İndi isə, 31 il öncə Xocalıya qucaq açan, hər daşında erməni vəhşiliyinin izləri qalan Ağdamdan keçib, Əsgərana daxil oluruq”.
Əsgərən sakini qeyd edir ki, Xocalının illərlə üzümüzə bağlı qalan qapısıdır Əsgəran.
“Amma, artıq qıfıldan əsər-əlamət yoxdu. Rahat şəkildə daxil olub, evimizə gedirik. Erməni vəhşiləri ərazilərimizi nə qədər dağıdıb, özününküləşdirməyə çalışsalar da bu, mümkün olmayıb”.
Əsgəran sakini Şamil Kazımov isə açıqlamasında bölgəni 32-33 yaşlarında tərk etdiyini, amma indi 65-66 yaşlarında olduğunu qeyd edib.
“Bu dəqiqə doğma evimə getmək gözümün önündə canlanır. Gözü yumulu Əsgərandan yox ee. Ağdamdan gözümü yum, mən addımımla gedim çıxım evimə. Evimə, döngəmə”.
1992-ci ildə erməni vəhşiliyindən xilas olmaq istəyən yüzlərlə insan məhz bu ərazidən Ağdama üz tutub. Nəsib Əzimov da onların içində olub. Onun sözlərinə görə o vaxtlar hər yer bağlı idi, bir dənə o istiqamət açıq idi.
“Elə camaat o qarnan meşə ilə işıqlaşanda gəldi çıxdı Naxcivanik asvaltına. O həmin qırğın olan yerə ordada hazır gözləyirdilər, bilirdilər ki, gələn bu yoldan çıxmalıdır”.
Nəsib Əzimovun qeyd edir ki, sağ-salamat gələ bilməyənlər arasında onun bacı-qardaşı və altı yaşında bacısı oğlu da var idi. Hər üçü yolda qətl edilib. Amma özü onların sağ qaldığını ehtimal edərək gəldiyi yolu geri qayıdır.
“Meyitlərin içi ilə axtara-axtara əmim oğlu, yoldaşı onlar qabaqda idi, dedilər getmə onsuz da salamat adam yoxdu hamını öldürüblər səni də öldürəcəklər. Dedim yox bacımgil arxadadı gəlir. Elə birinci atışma olan vaxtı düz asvaltda vurublar iki qardaş idi o ölənin altı yaşı var idi o ceyhun qaçanda balaca qayıdıb ki, anasına ana dur biz də gedək. Bu durub, duranda Natiqi vurublar, bacımda gedib Natiqi götürən vaxtı vurmuşdular elə belə uşağı qucaqlamış vəziyyətdə üzüquylu yıxılmışdı uşağın üstünə. 26 gündən sonra tapdıq meyitini”.
Nəsibin özü isə əsir düşür ermənilərə...
“Martın 8-nə kimi Əsgəranda saxladılar, elə nə ağır işkəncə verirdilər orada verdilər. 17-18 nəfər idik ondan iki, üç nəfər sağ qaldıq hamısını öldürdülər. Asırdılar ayağımızdan başı aşağı heylə döyürdülər sonra sabaha kimi asılı qalırdıq. Müharibədə ki, öz qohumları ölürdü aparırdılar onun qəbirinin üstündə kəsirdilər əsirləri, qurban kəsirik deyirdilər”.
Nəsib Əzimovu Milli Qəhrəman Allahverdi Bağırov ermənilərdən xilas edib.
"Hazırda ailəlidir və üç övladı var, amma geridə qoyduğu illər yaddaşındakı ağrı-acını silə bilməyib. “Ata-baba yurdumun azad olunduğunu eşidənə kimi yaşamırdım, sanki ölü kimiydim” - deyir".
Gündüz Vaqifoğlu
