Bu halda varislər məhkəmədə iddia qaldıra bilməz- Hüquqşünasdan AÇIQLAMA
Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunan məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bu qərarla, əsasən, aşağıdakı hüquqi prinsiplərin qorunmasını və məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə çalışır:
“Hüquqi müəyyənlik prinsipi- Qanuni qüvvəyə minmiş məhkəmə aktı artıq hüquqi sabitlik yaradır. Eyni tələb üzrə yenidən baxışın mümkün sayılması hüquqi münasibətləri qeyri-müəyyən vəziyyətə salardı.
Artıq həll olunan mübahisənin təkrar baxılmasının yolverilməzliyi- Eyni predmet, eyni əsas və tərəflər üzrə mübahisə artıq həll olunubsa, onun yenidən qaldırılması məhkəmə sisteminin əsas prinsiplərinə ziddir.
Məhkəmə qərarlarının icra olunmasının təmin edilməsi- Qərar qismən də olsa icra olunubsa, bu artıq onun real hüquqi nəticələr doğurduğunu göstərir. Bu halda işin süni şəkildə uzadılmaqla yeni iddiaların verilməsi qarşısı alınır.
Prosessual sui-istifadənin qarşısının alınması- Tərəflərin eyni tələbi müxtəlif formalarda təkrar-təkrar qaldıraraq prosesi uzatmasının qarşısı alınır.
Qeyd olunduğu kimi, əsas məqsəd məhkəmə qərarlarının sabitliyini qorumaq və eyni mübahisələrin təkrar-təkrar qaldırılmasının qarşısını almaqdır”.
Nurgün Qənizadə