Arxeoloji qazıntılar bölgənin zəngin və çoxqatlı tarixini üzə çıxarıb
Melton Mowbray şəhəri ətrafında salınan 7,1 kilometrlik yeni dairəvi yolun tikintisindən əvvəl aparılan genişmiqyaslı arxeoloji qazıntılar bölgənin zəngin və çoxqatlı tarixini üzə çıxarıb. Ümumilikdə 62 akr ərazidə 11 sahədə aparılan tədqiqatlar nəticəsində son 2000 ili əhatə edən mühüm tapıntılar əldə olunub.
Ən diqqətçəkən kəşflərdən biri Aşağı Yura dövrünə - təxminən 200 milyon il əvvələ aid iki qədim dəniz sürünənləri olan ixtiozavrların daşlaşmış qalıqlar olub. Böyük dəniz sürünəninə məxsus onurğa sümükləri və əvvəlcə iri daş hesab edilən, lakin sonradan ağır burun hissəsi olduğu müəyyən edilən qalıq aşkarlanıb. Alimlərin fikrincə, bu qalıqlar buzlaq hərəkətləri nəticəsində əraziyə gətirilib.
Qazıntılar zamanı həmçinin çaxmaqdaşı alətlər, bıçaqlar və saxsı qab qalıqları, eləcə də XVII əsrdə nəsli kəsilmiş vəhşi iri mal-qara növünə aid sümüklər tapılıb. River Eye yaxınlığında Neolit və Erkən Tunc dövrünə aid altı kremasiya məzarı müəyyən edilib.
Araşdırmalar daha sonra “böyük və mürəkkəb” Roma dövrü fermasının izlərini üzə çıxarıb. Burada Aralıq dənizi üslubunda plantasiyalar, o cümlədən üzüm bağları və meyvəliklər, dairəvi Roma evləri və dəfn xəndəkləri aşkar olunub. Bundan əlavə, Anqlo-Sakson dövrünə aid batıq tikililər, xəndəklər və çuxurlar da tapılıb.
Tapıntıların bir hissəsi Leicester Museum & Art Gallery muzeyində nümayiş etdiriləcək. 134 milyon funt sterlinq dəyərində olan layihəni Leicestershire County Council icra edir və şəhər mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədi daşıyır.
Mütəxəssislər bildirirlər ki, bu kəşflər Melton bölgəsində insanların minilliklər boyu necə yaşadıqları barədə mühüm məlumatlar təqdim edir.
BBC
Reyhan Quliyeva
