Arye Qut: "Vaqif Səmədoğlu ölümdən yazsa da, həyatı çox sevirdi "
Xayfa universitetinin doktorantı, Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutla müsahibə
Vaqif Səmədoğlunun ölüm xəbərini necə qarşıladınız?
Mənim dünyalar qədər sevdiyim və böyük ehtiramım olan Vaqif müəllimin haqq dünyasına köçməsini böyük ağrı hissi ilə qarşıladım. Azərbaycan xalqı sözün əsl mənasında böyük oğlunu və vətənpərvərini, böyük intelllektualını itirdi. Mən bu ağır xəbəri İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə Qubanın Qırmızı Qəsəbəsində olarkən eşitdim, şok yaşadım və Bakıya qayıtmağa qərar verdim. Elə bu ağır axşam zamanı Nüşabə xanımın yanına olmağa özümə borc bildim.
O, İsraildə müalicə olunanda onu ən çox ziyarət edənlərdən biri siz olmusunuz. Niyə onu ziyarətə getdiniz?
İlk öncə Tanrıya minnətdaram ki, o məni Vaqif müəllim kimi gözəl və böyük insanla tanış etdi. Mən onunla sosial şəbəkə vasitəsi ilə tanış idim və tez- tez yazışırdıq. Sonradan mən Bakıya gələndə Vaqif müəllim mənə yazdı ki, İsrailə müalicəyə gedib. Bir həftədən sonra İsrailə döndüm və bu böyük, unudulmaz şairlə ilk dəfə görüşdük və ona bildirdim ki, nə lazım olsa mən hər zaman yanındayam. Bilirdim ki, Vaqif müəllimin səhhəti Azərbaycan dövləti və Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Amma Azərbaycanı və Vaqif müəllimi ürəkdən sevən bir insan kimi hər zaman yardım etməyə çalışırdım.
Xəstəxanada daha çox hansı mövzulardan danışırdınız?
Görüşdən-görüşə bizim dostluğumuz və səmimiliyimiz güclənirdi. Eyni zamanda onu da qeyd edim ki, xərçəng xəstəliyin kimyaterapiya prossesinə Vaqif Səmədoğlu boyük dözüm göstərirdi. Onda mən Vaqif müəllimə təklif etdim ki, gəlin görüşlərimizin formatını genişləndirək və o mənim bu təklifimi qəbul etdi. İsraildə fəal diaspora fəaliyyəti aparan və əsl vətənpərvərlik hissi ilə yaşayan Səadət Şükürova, Cəmil Məmmədov, Etibar Axundov, Gülya Yusif, Mixail Aqaronov, Hafiz Rəhimov kimi insanlar Vaqif müəllimlə görüşməyi borc bildilər.
Görüşlər zamanı Azərbaycan xalqının parlaq nümayəndəsi, müdriklik və ziyalılıq mücəssəməsi olan bu insanla tanış olduğuna görə ulu Tanrıya minnətdarlıq edirdim. Bizim Vaqif müəllimlə çox söhbətlərimiz olub – həyat, məhəbbət və ölüm, Azərbaycanın tarixi, poeziyası, musiqisi ilə bağlı, böyük şairin Ulu öndərlə görüşləri, onun AŞPA-dakı fəaliyyəti, Azərbaycanın xalq hərəkatında rolu haqqında. Xərçəng xəstəliyinə qarşı sözün əsl mənasında döyüşən Vaqif müəllim heç bir zaman ağrıları haqqında danışmırdı. Mən yaxşı bilirdim ki, Vaqif müəllim ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi.
Bu həyatda gözəllik və müdriklik varsa, onlar xalq şairinin şəxsiyyətində və yaradıcılığında özünü ehtiva edir. Bu gün təkcə Azərbaycanda deyil, eyni zamanda İsraildə Vaqif müəllimin çoxlu oxucuları və pərəstişkarları var, Vaqif müəllim bizi tərk etsə də onu ürəkdən sevən əsl dostları var. Hər zaman sevinmişik ki, bizim müdrik və sadə, incə qəlbli, sevimli, doğma Vaqif müəllimimiz var. Biz hər zaman Vaqif müəllim üçün darıxacayıq!!!
