00:00:00
Yazar
Admin User
23.12.2025 14:48 123 2 dəq oxuma
Mədəniyyət

“Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib

“Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin hazırladığı “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabı çapdan çıxıb.

 

 

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində nəşrin təqdimat mərasimi keçirilib.

 

 

Tədbirdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, Asəf Zeynallı irsinin tədqiqatçısı, professor Nazim Kazımov, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov çıxış ediblər. Çıxışlarda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Asəf Zeynallının (1909-1932) milli musiqi mədəniyyətimizdəki yeri qeyd olunub, nəşrin əhəmiyyəti vurğulanıb. Kitab bəstəkarın irsinin təbliğinə mühüm töhfə kimi dəyərləndirilib.

 

 

Bildirilib ki, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında hazırlanan kitabda bəstəkarın işləməsində xalq mahnı və rəqslərimizin not yazıları ilə yanaşı, müəllifin violin və fortepiano üçün “Şərq” pyesi, violonçel və fortepiano üçün “Layla, beşiyim, layla” əsəri musiqi ictimaiyyətinə ilk dəfə təqdim olunur.

Kitabın ön sözünün müəllifi və tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı nəşrdə yer alan əsərlər barədə ətraflı məlumat verib.

 

 

Tədbirin bədii hissəsində “Asəf Zeynallı” (2016) adlı sənədli film nümayiş etdirilib. Musiqi Kolleci və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim, tələbə və şagirdləri, eləcə də MEMİM-in əməkdaşı Lalə Xəlillinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Asəf Zeynallının qohumları - Bakı Slavyan Universitetinin dosenti Elşanə Ağasıyeva və Avstraliyanın Sidney şəhərindən tədbirə onlayn qoşulan Elmira Yusufova kitabın hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

 

 

Sonda “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabı bəstəkarın qohumlarına hədiyyə olunub.

 

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərnəşr”də nəşr olunan kitabın layihə rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, tərtibçiləri mərkəzin əməkdaşları - sektor müdiri, Əməkdar artist Neymət Mürsəlov və aparıcı metodist, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Lalə Xəlilli, redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elvin Quliyev, dizayneri isə mərkəzin aparıcı mütəxəssisi Vüqar Bəxtiyarovdur.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər