00:00:00
Yazar
Admin User
17.11.2025 17:07 129 3 dəq oxuma
İqtisadiyyat

Asiya İnkişaf Bankı Azərbaycanda yeni mərhələyə start verib

Asiya İnkişaf Bankı Azərbaycanda yeni mərhələyə start verib

Asiya İnkişaf Bankı (ADB) bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Strategiyasının icrasına rəsmi olaraq start verib.

 

"Mən Azərbaycanın maliyyə naziri, ADB-nin Direktorlar Şurasının üzvü Sahil Babayevlə görüşdüm. Görüşün məqsədi ADB-nin Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Strategiyasını işə salmaq idi. Yeni maliyyələşmə ilə bağlı müraciətləri nəzərə alaraq, ADB 2029-cu ilədək Azərbaycana 2,5 milyard ABŞ dollarınadək investisiya ayırmağa hazırdır. Biz bərpa olunan enerji layihələrinin inkişafı, dəmir yolu və metro sistemlərinin modernləşdirilməsi, eləcə də özəl sektorun gücləndirilməsi istiqamətində hökumətlə sıx əməkdaşlıq edəcəyik", - deyə paylaşımda bildirilir.

 

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov “İnformator.az”a açıqlamasında bildirib ki, qeyd etmək lazımdır ki, ölkəmizin Asiya İnkişaf Bankı ilə əlaqələri məhz öz səmərəliliyi və əhatəliliyi ilə seçilir:

 

“Asiya İnkişaf Bankı 2029-cu ilə qədər Azərbaycana 2,5 milyard ABŞ dolları həcmində investisiya ayırmağa hazırdır. Bu vəsaitin ilkin mərhələdə əsas istiqamətləri bərpa olunan enerji, enerji səmərəliliyi, dəmir yolu və metro sistemlərinin modernləşdirilməsi, özəl sektorun gücləndirilməsi və maliyyə inklüzivliyinin artırılması kimi sahələrdir. Lakin bu istiqamətlərin hər birinin öz daxilində bir neçə alt istiqaməti mövcuddur.

Məsələn, bərpa olunan enerji və enerji səmərəliliyi dedikdə konkret olaraq nələr nəzərdə tutulur? Buraya günəş panellərinin istehsalı, onların quraşdırılması, ölkə üzrə geniş yayılması və əhalinin bu sahədə maarifləndirilməsi daxil ola bilər. Eyni zamanda, enerji səmərəliliyinin artırılması üçün binalarda istilik izolyasiyasının yaxşılaşdırılması, yeni tikililərin bu tələblərə cavab verməsi də önəmli məsələlərdəndir.

Bu sahələrdə Asiya İnkişaf Bankının zəngin təcrübəsi mövcuddur. Həmçinin “yaşıl enerji” dedikdə yalnız su elektrik stansiyalarının tikintisi deyil, ümumilikdə ekoloji cəhətdən təmiz və davamlı enerji həlləri nəzərdə tutulmalıdır. Bu məsələlərin hamısı daha ətraflı şəkildə hazırlanan proqram sənədlərində öz əksini tapacaq.

Dəmir yolu və metro sistemlərinin modernləşdirilməsi dedikdə təkcə yeni vaqonların alınması və yeni metro stansiyalarının çəkilməsi deyil, həm də ümumi dəmir yolu infrastrukturunun yenilənməsi vacibdir. Bu, xüsusilə Şimal–Cənub və Orta dəhlizlər çərçivəsində yükdaşıma imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Azərbaycan dəmir yollarının İran dəmir yolu şəbəkəsi ilə birləşdirilməsi, bu şəbəkənin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi önəmli addımlardan biridir.

Üçüncü istiqamət – özəl sektorun gücləndirilməsi və maliyyə inklüzivliyi – mənim fikrimcə, ən vacib sahələrdəndir. Azərbaycan hökuməti bərpa olunan enerji və dəmir yolları ilə bağlı müəyyən işlər görür, lakin mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi hələ də ciddi ehtiyac tələb edir. Uzunmüddətli neft dövrü bu sahələrin arxa plana keçməsinə səbəb olmuşdur. Lakin bu gün kiçik və orta sahibkarlıq iqtisadiyyatın dayaqlarından birinə çevrilməkdədir.

Bu sahədə təkcə maliyyələşdirmə deyil, maarifləndirmə və təlimlər də vacibdir. Təcrübə göstərir ki, sahibkarların bir çoxunun bu sahələrdə ciddi biliyə ehtiyacı var. Digər tərəfdən, bu müəssisələrin maliyyələşdirilməsi bank kreditləri ilə yox, daha uyğun və əlçatan mexanizmlərlə həyata keçirilməlidir. Uzun illik bank təcrübəmdən çıxış edərək deyə bilərəm ki, hazırda bankların təqdim etdiyi şərtlər kiçik və orta sahibkarlığın ehtiyaclarına cavab vermir.

Ən vacib məqamlardan biri – bu layihələrə peşəkar nəzarətin həyata keçirilməsi və Asiya İnkişaf Bankının digər ölkələrdəki uğurlu təcrübəsinin Azərbaycanda tətbiqidir.

Bundan başqa, transsərhəd nəqliyyat və ticarət layihələri, qlobal dəyər zəncirlərinə inteqrasiya, regionlarda emal müəssisələrinin qurulması kimi istiqamətlər də prioritet ola bilər. Çox təəssüf ki, bəzi sahələrdə savadlılıq və məlumatlılıq səviyyəsi hələ də aşağıdır və bu səbəbdən maarifləndirməyə ciddi ehtiyac duyulur.

Sonda qeyd etmək istərdim ki, bu 2,5 milyard dollarlıq investisiya kredit xarakterlidir və nə vaxtsa geri qaytarılacaq. Odur ki, bu vəsaitdən maksimum səmərəli və məsuliyyətli istifadə edilməli, ölkəyə qatdığı real dəyər ölçülməlidir.

Qeyd etmək lazımdır ki, ölkəmizin Asiya İnkişaf Bankı ilə əlaqələri məhz öz səmərəliliyi və əhatəliliyi ilə seçilir və bizim qarşıdakı əsas vəzifəmiz bu əlaqələri daha da genişləndirmək və dərinləşdirməkdir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər