Asiya İnkişaf Bankı Türkiyə üçün ilk maliyyə paketini təsdiqləyib
Asiya İnkişaf Bankı (AİB) Türkiyə ilə əməkdaşlığın yeni mərhələsi çərçivəsində ilk maliyyə paketini təsdiqləyib.
"İnformator.az" AİB-yə istinadən xəbər verir ki, paketə ölkənin zəlzələdən sonra bərpa səylərini dəstəkləmək üçün 150 milyon avro məbləğində suveren kredit, həmçinin "Akbank" və "Denizbank" üçün hər biri 100 milyon ABŞ dolları məbləğində iki qeyri-suveren maliyyə aləti daxildir.
Bu çərçivədə AİB ilə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi suveren kreditin verilməsi ilə bağlı ilk sazişi imzalayıblar.
Bu gün AİB prezidenti Masato Kanda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər milli inkişaf gündəliyinin birgə həyata keçirilməsinə sadiqliklərini təsdiqləyiblər və bankın 2026 və 2027-ci illərdə layihə maliyyələşdirilməsi üçün hər il 3 milyard ABŞ dolları ayırmaq niyyətində olduğu barədə razılaşıblar.
M.Kanda görüş zamanı bildirib: "AİB Türkiyənin uzunmüddətli inkişafını və dayanıqlılığını dəstəkləmək imkanından məmnundur. Şərq və Qərbi birləşdirən strateji mövqeyi, bilik və təcrübə zənginliyi sayəsində Türkiyə regionun inkişafında əsas rol oynaya bilər".
