Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Mediada Azərbaycan dili” təlimində çıxış etdi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim keçirildi.
"İnformator.az" xəbər verir ki, təlimi Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov apardı. O, çıxışında media sahəsində dövlət dilinin qorunması ilə bağlı mövcud normativ bazadan və nəzarət mexanizmlərindən danışdı. Bildirdi ki, “Media haqqında” qanunda və digər hüquqi sənədlərdə dil normaları ilə bağlı xüsusi müddəalar əks olundu, bu qaydalara praktikada necə əməl edildiyinə toxunuldu.
Fazil Novruzov vurğuladı ki, tənzimləyici qurum olaraq əsas vəzifələri nəzarətdir. Bu nəzarət yayımda gedən proqramların monitorinqi ilə bağlıdır,dil normalarına, “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə əməl edilib-edilməməsinə baxılması ilə əlaqəlidir.
Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinq keçirildi. İlkin müşahidə zamanı 50-yə yaxın söz aşkar olundu. Məsələnin ciddiliyi redaksiyaların diqqətinə çatdırıldı və həmin sözlərin siyahısı göndərildi.
Yanvar ayında redaksiyalarla görüş keçirildi və məsələ ilə bağlı ətraflı məlumat verildi. Qeyd edildi ki, burada əsas məsələ rəqəm deyil, məsuliyyət olmalıdır.Bildirildi ki, aparıcı yerli-yersiz xarici sözlərdən istifadə etməməlidir.
Təlim zamanı vurğulandı ki, televiziya normativ və etalon rolunu oynayır.Fazil Novruzov qeyd etdi ki,son dövrlərdə televiziya verilişləri çox tənqid edilir.Buna əsas səbəb eyni mövzulara toxunulması və sosial mediada yayılan dil qüsurlarının efirə daşınmasıdır.Bildirildi ki, sosial şəbəkədə paylaşılan statuslar geniş təsir yaratmır,lakin televiziya hər kəs üçündür və burada səslənən dil nümunələri daha böyük təsir göstərir.
Audiovizual Şuranın bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq etməsi məsələsinə toxunuldu.Digər ölkələrdə fərqli yanaşmalar mövcud olmasından bəhs edildi.Məsələn, Fransada dil qaydaları çox sərtdi,terminlər belə tərcümə edilir.Böyük Britaniyada tənzimləyici qurumun nüfuzu isə olduqcaq yüksəkdir . Türkiyədə Dil Qurumu ilə RTÜK arasında əməkdaşlıq apararaq dilə nəzarət edildiyi göstərildi.
Çıxışda qeyd edildi ki, dilə nəzarət üçün təkcə qanunvericilik yetərli deyil, cəmiyyətin rolu da böyükdür.
Xatırladıldı ki, 2014–2016-cı illərdə Şura Dilçilik İnstitutu ilə birlikdə təlimlər keçirdi. Dildə olan pozuntularla bağlı açıqlamalar verildi və müxtəlif tövsiyələr təqdim olundu. Bununla yanaşı, məsuliyyət məsələsinin vacibliyi bir daha vurğulandı.
Təlimdə Media İnkişaf Agentliyi, Audiovizual Şura, Dilçilik İnstitutu, Teleradio Akademiyası, eləcə də BDU-nun jurnalistika və filologiya fakültələrinin nümayəndələrinin bir araya gəlməsinin vacibliyi qeyd edildi. Elm, dil və media sahəsində birgə müzakirələrin aparılmasının zəruriliyi bildirildi. Hətta media dili ilə bağlı kitab hazırlanmasının mümkünlüyü də səsləndirildi.
Təlim interaktiv müzakirələrlə yekunlaşdı.
Elmira Ağayeva
