00:00:00
Yazar
Zəri Bayramlı
06.07.2026 14:43 22 2 dəq oxuma
İqtisadiyyat

Auditorlar Palatası rəsmi müraciətlərlə bağlı yeni tələblər müəyyənləşdirib

Auditorlar Palatası rəsmi müraciətlərlə bağlı yeni tələblər müəyyənləşdirib

Azərbaycan Auditorlar Palatası auditor təşkilatlarına və sərbəst auditorlara Palataya ünvanlanan rəsmi müraciətlərlə bağlı yeni tələbləri açıqlayıb.

 

"İnformator.az" Palataya istinadən xəbər verir ki, daxil olan müraciətlərin təhlili zamanı bəzi hallarda auditor təşkilatları və ya sərbəst auditorlar adından təqdim edilən məktub, ərizə, müraciət, sorğu və digər rəsmi sənədlərin həmin şəxsləri təmsil etmək səlahiyyəti olmayan şəxslər tərəfindən imzalandığı müəyyən edilib.

 

Bildirilib ki, bu cür hallar sənədin müəllifinin, nümayəndəlik səlahiyyətinin və hüquqi məsuliyyət daşıyan şəxsin müəyyən edilməsində qeyri-müəyyənlik yaradır, həmçinin sənəd dövriyyəsi və kargüzarlığın düzgün təşkilinə mane olur.

 

Bununla əlaqədar Palata rəsmi sənədlərin hüquqi etibarlılığının təmin edilməsi məqsədilə bir sıra tələblər müəyyənləşdirib.

 

Belə ki, yeni qaydalara əsasən, Auditorlar Palatasına təqdim edilən bütün məktub, ərizə, müraciət və sorğular sədrə ünvanlanmalıdır. Auditor təşkilatları adından təqdim edilən sənədlər təşkilat rəhbəri və ya qanunvericiliyə uyğun səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmalı, təşkilatın möhürü ilə təsdiqlənməlidir. Sərbəst auditorların müraciətləri isə onların özləri tərəfindən imzalanmalı və istifadə etdikləri rəsmi möhürlə təsdiq olunmalıdır.

 

Palata həmçinin nümayəndə vasitəsilə edilən müraciətlərə müvafiq etibarnamənin əlavə edilməsinin, elektron poçtla göndərilən sənədlərin elektron imza ilə təsdiqlənməsinin və ya imzalanaraq möhürləndikdən sonra tam və oxunaqlı şəkildə skan edilərək göndərilməsinin zəruri olduğunu bildirib.

Qeyd olunub ki, müəyyən edilmiş tələblərə əməl olunmadan təqdim edilən müraciətlərdə sənədin müəllifini və ya nümayəndənin səlahiyyətini müəyyən etmək mümkün olmadıqda, çatışmazlıqlar aradan qaldırılanadək həmin müraciətlər rəsmi icraata qəbul edilməyə və ya cavablandırılmağa bilər.

 

Palata auditor təşkilatlarını və sərbəst auditorları rəsmi yazışmalar zamanı bu tələblərə əməl etməyə çağırıb.

 

#müraciətlərlə #rəsmi #tələblər #auditorlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər