00:00:00
Yazar
Admin User
05.11.2025 18:22 135 3 dəq oxuma
İqtisadiyyat

“Avropa artıq təkcə enerji təhlükəsizliyinə yox, həm də enerji müxtəlifliyinə üstünlük verir”

“Avropa artıq təkcə enerji təhlükəsizliyinə yox, həm də enerji müxtəlifliyinə üstünlük verir”

Maye təbii qaz bazarında yeni bölgü mərhələsi başlayıb. Asiya ölkələrinin artan tələbi, Avropanın enerji təhlükəsizliyi siyasəti və geosiyasi gərginliklər bazarda qiymətlərin formalaşmasına, ticarət axınlarına və enerji strategiyalarına ciddi təsir göstərir. Qlobal enerji balansı yeni mərhələyə qədəm qoyur.

 

Mövzu ilə bağlı iqtisadçı və enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, qlobal LNG bazarında baş verən dəyişikliklər enerji xəritəsini yenidən cızır və bu proses yaxın illərdə həm ixracatçılar, həm də idxalçılar üçün strateji dönüş nöqtəsi olacaq:

 

“Qlobal LNG bazarında müşahidə olunan bölgü sıradan bir iqtisadi proses deyil, bu geosiyasi güc balansının dəyişməsi deməkdir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan enerji böhranı Avropanı yeni mənbələrə yönəlməyə məcbur edib. Rusiya boru kəməri qazının payının azalması LNG-yə tələbi kəskin artırıb. Bu isə həm qiymətlərin dinamikasına, həm də enerji ticarətinin coğrafiyasına ciddi təsir göstərib. Artıq Asiyadan Avropaya yönələn qaz axınları bazarda rəqabəti daha da qızışdırır. Yaranan vəziyyət enerji ixracatçısı ölkələr üçün həm iqtisadi qazanc, həm də strateji fürsət yaradır. ABŞ və Qətər yaxın illərdə qlobal LNG bazarında əsas oyunçulara çevriləcəklər. ABŞ-nin yeni LNG layihələri və Qətərin hasilat gücünü artırmaq planları bazarın strukturunu dəyişəcək. Rusiya qazının Avropa bazarından sıxışdırılması isə bu iki ölkəyə əlavə üstünlüklər qazandıracaq. Bununla yanaşı, LNG qiymətləri tələb-təklif balansına və uzunmüddətli müqavilələrin artmasına görə sabit qalmaq əvəzinə, müəyyən dərəcədə yüksək səviyyədə qalacaq. Bu, enerji şirkətləri üçün sərmayə yatırmaq baxımından cəlbedici, lakin istehlakçılar üçün riskli amildir. Mövcud proseslər enerji siyasətinin qlobal prioritetlərini də dəyişir. Avropa artıq təkcə enerji təhlükəsizliyinə yox, həm də enerji müxtəlifliyinə üstünlük verir. Yəni bir mənbədən asılılıq dövrü bitib”.


Həmçinin şərhçi qeyd edib ki, Avropa ölkələri Norveç, ABŞ, Qətər, Nigeriya və Əlcəzair kimi təchizatçılarla uzunmüddətli müqavilələr imzalamağa başlayıb:

 

“Bu həm enerji təhlükəsizliyi baxımından sabitlik gətirəcək, həm də siyasi asılılığı azaldacaq. Digər tərəfdən, Asiya ölkələrinin xüsusən də Çin, Yaponiya, Hindistan və Cənubi Koreyanın LNG tələbi ildən-ilə artır. Bu isə bazarda strateji yönü müəyyən edən əsas amilə çevrilir. Baş verən bu transformasiya enerji bazarının gələcək strukturunu köklü şəkildə dəyişəcək. Qlobal enerji sektorunda yeni dövr başlayır. Artıq qazın qiyməti təkcə neftlə indeksləşdirilmir, həm də regionlar üzrə ticarət qovşaqları üzərindən müəyyən olunur. Bu mexanizm bazar şəffaflığını artırsa da, qiymət dəyişkənliyini də qaçılmaz edir. ABŞ-nin LNG ixracı Asiya və Avropa arasında rəqabəti daha da artıracaq. Bu rəqabət fonunda bir çox ölkə enerji keçidi siyasətini və yaşıl enerji proqramlarını yenidən nəzərdən keçirməli olacaq.
LNG bazarındakı yeni bölgü həm də qlobal iqtisadi münasibətlərin gələcək istiqamətini müəyyənləşdirəcək. Enerji daşıyıcıları artıq təkcə iqtisadi alət deyil, həm də siyasi güc vasitəsinə çevrilib. Qaz və LNG ticarətində aparıcı rol oynayan ölkələr beynəlxalq münasibətlərdə təsir imkanlarını artırır. ABŞ və Qətər üçün bu iqtisadi gücdən çox, strateji təsir alətidir. Yaxın illərdə enerji diplomatiyası daha da ön plana çıxacaq və enerji təhlükəsizliyi məsələsi qlobal gündəmdə birinci sırada qalacaq. Bazarda yaranan bu yeni düzən uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının ritmini dəyişəcək. Əgər Rusiya qazının beynəlxalq bazarlara çıxışı məhdud qalarsa, həm boru kəməri qazının, həm də LNG-nin qiymətləri yüksək olacaq. Bu təkcə enerji xərclərinə deyil, həm də istehsal sektoruna, sənaye inkişafına və inflyasiya səviyyəsinə təsir edəcək. Qlobal enerji bazarı yeni bölgü mərhələsinə keçərkən, ölkələr üçün əsas məsələ balanslı siyasət yürütmək və riskləri minimuma endirmək olacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər