Avropa-Asiya ticarətində alternativ və strateji marşrut
Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası nümayəndələrinin Polşanın Azərbaycandakı səfiri Pavel Radomski ilə Azərbaycan bazarındakı mövcud vəziyyətə və Avropa ilə əlaqələrin əsas məsələlərinə həsr olunmuş görüşü keçirilib. Orta Dəhlizin regional əlaqəlilik və Avropa-Asiya ticarəti üçün strateji əhəmiyyətinə, 2026-cı ilin oktyabrına planlaşdırılan ixracın maliyyələşdirilməsi üzrə Almaniya-Azərbaycan Konfransının ilkin perspektivlərinə xüsusi diqqət yetirilib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, geosiyasi risklər fonunda Orta Dəhlizin strateji rolu artır:
“Orta Dəhliz marşrutu Avropa üçün alternativ bir marşrutdur. Avropa istəyir ki, Avropa-Asiya arasında tədarük şəbəkəsi diversifikasiya olunsun. Xüsusilə, son geosiyasi hadisələr fonunda istər Rusiyadan, istər İrandan keçən marşrutlara alternativlərin olması Avropa ilə Asiya arasında ticarət üçün önəmlidir. Bu dəhliz xammalın və son istehlak mallarının iki qitə arasında daşınması üçün əlavə kanaldır. Digər kanallarda məhdudiyyətlər yarandıqda, Orta Dəhliz xüsusi əhəmiyyət qazanır. Orta Dəhlizin istifadəyə verilməsi Avropa-Asiya ticarətinə gəldikdə, Orta Dəhliz effektiv işləyərsə, yüklərin daşınma müddətinə də təsir göstərəcək. Xüsusilə, yükün hansı məntəqədən çıxıb hara getməsindən asılı olaraq şimal, cənub və ya orta marşrut daha sərfəli ola bilər. Burada əsas təsir edən faktorlar daşınmanın qiyməti, gecikmələr və geosiyasi məsələlərdir ki, bunlar da hansı marşrutun seçilməsinə təsir edir”.
İqtisadçı Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında qeyd edib ki, Orta Dəhliz marşrutun əhəmiyyətində iqtisadiyyatdan çox siyasi amillər böyük rol oynayır:
“Bu marşrut Avropa İttifaqının tədarük şəbəkəsinin gücləndirilməsində variantlardan biridir. Bu marşrut Avropanın tədarük təhlükəsizliyini artırır, digər marşrutlarda yüklənmə, tıxac və ya siyasi problemlər yarandıqda, bu dəhlizdən istifadə etmək mümkün olur. Xəritəyə nəzər saldıqda, Şərqdən Qərbə doğru üç əsas istiqamətin mövcud olduğu görünür: Şimal marşrutu Rusiya ərazisindən quru yolla, Cənub marşrutu İran üzərindən quru yolla, üçüncü istiqamət isə Orta Dəhlizdir ki, burada Azərbaycan əsas tranzit rolunu oynayır. Orta Dəhlizin xüsusiyyətlərindən biri dəniz və marşrut boyunca ölkələrin sayının çox olmasıdır. İqtisadi, vaxt və xərc baxımından Şimal və Cənub marşrutları daha əlverişli hesab oluna bilər. Lakin Rusiya və İranla bağlı mövcud siyasi risklər konteksində Orta Dəhliz daha əlverişlidir. Almaniya ilə Azərbaycan arasında ticarət əlaqələrinin gələcək perspektivləri də genişdir”.
Zəri Bayramlı
