00:00:00
Yazar
Aysel Mirzəyeva
13.03.2026 20:22 83 2 dəq oxuma
Araşdırma

"Avropa bazarı Azərbaycan üçün böyük üstünlükdür" - ŞƏRH

"Avropa bazarı Azərbaycan üçün böyük üstünlükdür" - ŞƏRH

Azərbaycan-Avropa Birliyi əməkdaşlığı son illər daha da genişlənir. Ekspertlər hesab edir ki, Bakı ilə Brüssel arasında münasibətlərin inkişafı həm iqtisadi, həm də siyasi baxımdan mühüm nəticələr yarada bilər.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi hər iki tərəfin maraqlarına uyğundur:

 

“Avropa dünyanın ən böyük və dayanıqlı bazarlarından biridir və bu bazara çıxış Azərbaycan üçün mühüm üstünlük yaradır. Avropa bazarında təmsil olunmaq təkcə enerji məhsullarının satışı ilə məhdudlaşmır, eyni zamanda sənayenin digər sahələrinin inkişafı üçün də yeni imkanlar yaradır. Avropa bazarına çıxış Azərbaycanın beynəlxalq ticarətdə rolunu artırmaqla yanaşı, ölkəyə əlavə gəlirlər də qazandıra bilər. Bu əməkdaşlıq həm də tranzit layihələrinin inkişafına müsbət təsir göstərir və Azərbaycanın coğrafi mövqeyindən irəli gələn üstünlükləri daha da gücləndirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının üzərində yerləşdiyi üçün Avropa ilə əlaqələrin genişlənməsi ölkənin strateji əhəmiyyətini artırır”.

 

Həşim Səhrablı əlavə edib ki, Bakı ilə Brüssel arasında münasibətlərin inkişafı regional təhlükəsizlik baxımından da müəyyən təsir göstərə bilər:

 

“Avropa dövlətləri iqtisadi və siyasi baxımdan güclü aktorlardır və onlarla tərəfdaşlığın artması regionda sabitlik mühitinin qorunmasına marağı da gücləndirə bilər. Çünki böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün təhlükəsiz və sabit mühit vacib şərtlərdən biridir. Avropa Birliyinin region siyasətində Azərbaycanın rolu da getdikcə daha aydın görünür. Cənubi Qafqazda bir çox layihələrin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Enerji ehtiyatları, Xəzər dənizinə çıxış və tranzit marşrutlarında yerləşməsi ölkənin strateji əhəmiyyətini artırır. Məhz bu səbəbdən Avropa ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir və enerji təhlükəsizliyi baxımından alternativ tərəfdaş kimi ölkəmizə maraq göstərirlər”.


Ayşə Müzəfərli

#bazarı #şərh #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər