00:00:00
Yazar
Zəhra Həsənova
29.05.2026 16:35 29 2 dəq oxuma
Siyasət

“Avropa Birliyi Gürcüstana qarşı təzyiq prosesini genişləndirməyə çalışır” - ŞƏRH

“Avropa Birliyi Gürcüstana qarşı təzyiq prosesini genişləndirməyə çalışır” - ŞƏRH

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəyə və hökumətə qarşı yeni “hücum dalğası”nın başladığını bildirib. O qeyd edib ki, bəzi beynəlxalq qurumlar və ayrı-ayrı şəxslər bu prosesdə aktiv rol oynayır.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstanın narahatlığı üçün kifayət qədər ciddi geosiyasi və daxili siyasi səbəblər mövcuddur:

 

“Rəsmi Tiflis son illərdə Azərbaycan və Türkiyə ilə münasibətləri daha da gücləndirib və bu əməkdaşlıq Cənubi Qafqazda Gürcüstan üçün müəyyən iqtisadi və strateji imkanlar yaradıb. Buna baxmayaraq, Gürcüstanın Avropa Birliyi ilə münasibətlərində ciddi problemlər qalmaqdadır. Avropa Birliyi ilə Gürcüstan arasında yaranan ziddiyyətlər son dövrlərdə daha da dərinləşib. Avropa Birliyinin yüksək ranqlı siyasətçiləri və müxtəlif institutları Gürcüstanı demokratik standartlardan uzaqlaşmaqda və Avropa dəyərlərindən imtina etməkdə ittiham edir. Bu cür yanaşmalar faktiki olaraq Gürcüstanın xarici siyasət kursunun Avropa Birliyinin gözləntiləri ilə üst-üstə düşmədiyini göstərir. Nəticədə, tərəflər arasında gərginlik artır”.

 

Elçin Xalidbəyli vurğulayıb ki, Brüsselin son illərdə qəbul etdiyi qərarlar da bu gərginliyi daha da artıran amillərdəndir:

 

“Gürcüstanla viza rejiminin gələcəyi, eləcə də ölkənin Avropa Birliyinə inteqrasiya prosesi ilə bağlı sərt mövqelər formalaşıb. Görünən odur ki, bu təzyiq siyasəti yenidən aktiv mərhələyə keçir. Əgər proses davamlı xarakter alsa, bu, Gürcüstanın daxili siyasi mühitinə də birbaşa təsir göstərə bilər. Bu vəziyyət ölkə daxilində siyasi qarşıdurmanı dərinləşdirə və hökumətə qarşı etirazların artmasına səbəb ola bilər. Belə bir ssenari reallaşarsa, Gürcüstanda daxili siyasi balansın pozulması və hökumətə qarşı etiraz dalğasının güclənməsi mümkündür. Baş nazir Kobaxidzenin açıqlaması da məhz bu risklərə və xarici təzyiqlərin artmasına işarə edir”.


Ayşə Müzəfərli

#yeni #təzyiq #gürcüstana #“avropa #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər