Avropa ilə enerji əməkdaşlığında Azərbaycanın yeni imkanları
Azərbaycan bərpa olunan enerji potensialından səmərəli istifadəni və yaşıl enerji ixracını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Xüsusilə, Avropa ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi və yaşıl hidrogen istehsalı yeni imkanlar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, Azərbaycan 2060-cı ilədək sıfır karbonlu iqtisadiyyata keçidi hədəfləyir.
“Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması ölkəmizin əsas prioritetlərindən biridir. Azərbaycan 2060-cı ilə qədər sıfır karbon emissiyalı iqtisadiyyata keçidi hədəfləyir. Bu məqsədə nail olmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki karbon qazı emissiyalarının əsas mənbələrindən biri ənənəvi yanacaqların yandırılması və onlardan enerji istehsalıdır. Bu proses atmosferə böyük miqdarda karbon qazının buraxılmasına səbəb olur”.
Ekspert qeyd edir ki, bu istiqamət ölkəmizin Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərlə də bağlıdır. Azərbaycan həmin öhdəliklərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Eyni zamanda, bərpa olunan enerjidən istifadənin artırılması ətraf mühitin qorunması və iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Rövşən Abbasovun sözlərinə görə, yaşıl hidrogen günəş və külək enerjisi hesabına əldə edilən elektrik enerjisindən istifadə etməklə suyun elektrolizi nəticəsində istehsal olunur. Hidrogen yanacağı istifadə edildikdə, karbon qazı deyil, əsasən su əmələ gəlir. Bu xüsusiyyət onu ənənəvi yanacaq növlərinə ekoloji cəhətdən daha əlverişli alternativə çevirir. Eyni zamanda, yaşıl hidrogenin saxlanılması və nəqli mümkündür. Buna görə də Azərbaycanda əsas hədəflərdən biri ənənəvi enerji mənbələrindən asılılığın azaldılması və onların tədricən yaşıl hidrogenlə əvəz edilməsidir.
Ekspert hesab edir ki, yaşıl enerji sahəsində Avropa ilə əməkdaşlıq ölkəmiz üçün yeni imkanlar yaradır. Azərbaycan Avropa ölkələrindən müasir texnologiyalar əldə etməklə öz enerji istehsalı potensialını və bu sahədəki imkanlarını genişləndirə bilər. Nəticədə, istehsal olunan yaşıl enerjinin və yaşıl hidrogenin Avropa bazarlarına ixracı mümkün olar. Bu əməkdaşlıq həm Azərbaycanın enerji ixracı imkanlarının şaxələndirilməsinə, həm də Avropanın təmiz enerji ilə təmin olunmasına töhfə verə bilər.
Arzum Ağazadə