00:00:00
Yazar
Zəhra Həsənova
18.11.2026 16:17 98 2 dəq oxuma
Sosial

Bakı qlobal iqlim əməkdaşlığında: yeni imkanlar və gözləntilər

Bakı qlobal iqlim əməkdaşlığında: yeni imkanlar və gözləntilər

Bakı İqlim Fəaliyyəti Həftəsinin qlobal İqlim Həftələri əməkdaşlığına qoşulması beynəlxalq iqlim əməkdaşlığının genişləndirilməsi baxımından müəyyən imkanlar yarada bilər. Lakin bu əməkdaşlığın səmərəli olması üçün şəffaflıq və düzgün maliyyə idarəçiliyi əsas prinsiplər olmalıdır.

 

Bu barədə ekoloq Əliyar Əliyev   “İnformator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq münasibətlərində dəqiqlik, düzgünlük və şəffaflıq təmin edildiyi təqdirdə belə təşəbbüslər faydalı ola bilər. Bununla belə, o, əvvəlki beynəlxalq iqlim təşəbbüsləri çərçivəsində toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı narahatlığını ifadə edib.

 

Əliyar Əliyev qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə üçün ayrılan maliyyə resursları quraqlıqdan əziyyət çəkən Afrika ölkələrinə, Cənub-Şərqi Asiya regionuna və iqlim problemləri ilə üzləşən digər ərazilərə yönəldilməlidir. Eyni zamanda, Azərbaycanın da bu sahədə maliyyə dəstəyinə ehtiyacı olan istiqamətləri mövcuddur.

 

Onun fikrincə, xüsusilə su ehtiyatlarından səmərəli istifadə, quraqlıqla mübarizə, su anbarlarının tikintisi, eləcə də külək və günəş enerjisi stansiyalarının yaradılması üçün maliyyə imkanlarından istifadə edilməlidir.

 

O, beynəlxalq iqlim təşəbbüsləri çərçivəsində toplanan vəsaitlərin xərclənməsində şəffaflığın təmin olunmadığını düşünür. Müsahibin sözlərinə görə, vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi və onların real nəticələri barədə aydın hesabatlılıq olmalıdır.

 

Əliyar Əliyev hesab edir ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin qlobal əməkdaşlığa qoşulması da məhz bu prinsiplər əsasında həyata keçirilməlidir. Əks halda, beynəlxalq təşəbbüslər gözlənilən nəticəni verməyə və iqlim problemlərinin həllinə real töhfə göstərməyə bilər.

 

Ada Hacızadə

#əməkdaşlığında: #gündəm #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər