Asan yol, yoxsa sağlamlıq riski?
Artıq çəkidən azad olmaq istəyənlərin bir qismi ən asan yolu arıqlama iynələrində görür. Sosial şəbəkələrdəki paylaşımlar və istifadəçi rəyləri isə bu preparatlara marağı daha da artırır. Bəziləri qısa müddətdə əldə etdikləri nəticələri bölüşür, hətta başqalarına da tövsiyə edirlər. Amma bir məqam çox vaxt diqqətdən kənarda qalır: hər kəs üçün eyni nəticəni vəd edən universal preparat hələ ki, mövcud deyil... Üstəlik, həkim təyinatı olmadan istifadə edilən bu dərmanlar ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, arıqlama iynəsi deyilən anlayış əslində düzgün deyil:
"Elə bir preparat yoxdur ki, onu vurasan, istədiyini yeyəsən və nəticədə arıqlayasan. Onun sözlərinə görə, bu gün tirzepatid əsaslı, müxtəlif şirkətlər tərəfindən istehsal olunan preparatlar mövcuddur. Bunlar peptidlərdir və orqanizmə yeridildikdə insulinə qarşı rezistentliyin aradan qaldırılmasına kömək edir, iştahanı azaldır. Nəticədə insulin və şəkər mübadiləsi tənzimlənir, çəki də müəyyən qədər normallaşmağa başlayır".
Professor qeyd edib ki, bu preparatlardan istifadə etməklə problemin tamamilə həll olunduğunu düşünmək yanlışdır:
"Əslində, həmin dərmanlar əsasən şəkərli diabetin müalicəsində, insulin mübadiləsinin tənzimlənməsində və insulin dirəncinin aradan qaldırılmasında istifadə olunur. İnsulin dirənci olan şəxslərə də təyin edilə bilər. Lakin bütün hallarda endokrinoloqun nəzarəti vacibdir.
Adil Qeybulla bildirib ki, preparatlardan qonşunun məsləhəti və ya şəxsi istəklə istifadə etmək olmaz. Bu iynələr hər kəs üçün uyğun deyil. İstifadədən əvvəl digər orqan və sistemlərin də vəziyyəti yoxlanılmalıdır. Preparatlar pankreatit və digər fəsadlara səbəb ola bilər.
O əlavə edib ki, həkimin, xüsusilə endokrinoloqun müayinəsi və təyinatı olmadan çəki ilə bağlı bu cür preparatlardan istifadə etmək düzgün deyil. Bu sahədə peşəkar diyetoloqların da müayinəsi və qiymətləndirməsi vacibdir".
Səadət Əlizadə