“Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri yalnız iqtisadi deyil, siyasi baxımdan da mühümdür”
Avropa Birliyi Azərbaycana iqtisadi layihələr üçün 23 milyon avro maliyyə dəstəyi ayırıb. Bu vəsaitin əsas məqsədi ölkənin iqtisadi inkişafını stimullaşdırmaq və tərəfdaşlıq imkanlarını genişləndirməkdir. Ekspertlər hesab edir ki, bu addım Azərbaycan iqtisadiyyatına uzunmüddətli təsir göstərə bilər.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ayrılan vəsait daha çox prioritet istiqamətlərə yönəldiləcək:
“Avropa Birliyinin təqdim etdiyi bu maliyyə dəstəyi strateji baxımdan əhəmiyyətlidir. Çünki həmin vəsait enerji səmərəliliyi, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar kiçik və orta sahibkarlığın inkişafı kimi sahələrə sərf olunacaq. Bu isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də dayanıqlılığın güclənməsinə xidmət edəcək. İqtisadiyyatda diversifikasiyanın artırılması Azərbaycanın gələcək inkişafı üçün zəruridir və Avropa Birliyi ilə əməkdaşlıq bu prosesi daha da sürətləndirə bilər. Bu dəstəyin digər mühüm tərəfi ölkədə biznes mühitinin yaxşılaşması ilə bağlıdır. Əlavə maliyyə axınları sahibkarlara yeni imkanlar yaradacaq. Yerli biznes strukturları daha geniş bazara çıxış əldə edə bilər. Bu həm də xarici investorlar üçün müsbət siqnaldır. Çünki Avropa Birliyinin dəstəyi ölkəyə inamı artırır və beynəlxalq maliyyə institutlarının da diqqətini Azərbaycana yönəldə bilər. Bu amillər isə uzunmüddətli dövrdə iqtisadi sabitliyin qorunmasına və məşğulluğun artırılmasına yardım edəcək”.
Həmçinin şərhçi qeyd edib ki, maliyyə dəstəyi eyni zamanda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın güclənməsinə yol açır:
“Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri yalnız iqtisadi deyil, siyasi baxımdan da mühümdür. Çünki belə proqramlar qarşılıqlı etimadı artırır və gələcəkdə daha böyük layihələrin reallaşmasına zəmin yaradır. Avropa Birliyi ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın beynəlxalq iqtisadi imicinə də müsbət təsir göstərir. Bu gün Avropa ölkələri ilə qarşılıqlı etibar və dialoqun güclənməsi regional əməkdaşlığa da əlavə stimul verir. Ayrılan vəsait qısa müddətdə ölkə iqtisadiyyatına müəyyən faydalar versə də, onun əsas effekti uzunmüddətli perspektivdə özünü göstərəcək. Bu dəstək Azərbaycanda iqtisadi islahatların daha sürətlə həyata keçirilməsinə təkan verəcək. Müasir texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması və ixrac potensialının artırılması baxımından bu layihələr ölkəyə real töhfələr verəcək. Eyni zamanda dövlət-biznes əməkdaşlığının yeni formatı formalaşacaq ki, bu da iqtisadiyyatımızın rəqabət qabiliyyətini yüksəldəcək”.
Ayşə Müzəfərli
