Avropa İttifaqı ölkələri razılığa gəliblər
Avropa İttifaqı ölkələri 2027-ci ilə qədər Rusiya qazının tədricən dayandırılması barədə razılığa gəliblər.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya qazından imtina ediləndə, burada əsas məsələ siyasi asılığın azalmasıdır:
“Rusiyanın istəmədiyi odur ki, ölkəsindən əlavə vəsait getsin.
İkincisi, Avropa daxilində artıq bir neçə ildir ki, enerjinin diversifikasiyası, alternativ mənbələr, məsələn, bərpa olunan enerji, digər ölkələrdən boru kəmərləri ilə qaz nəqli və maye qazın tankerlərlə daşınması, xüsusilə ABŞ-dən prioritetə çevrilib. Bunun üçün platformalar tikilməli, yatırımlar qoyulmalıdır və bu investisiyalar artmağa davam edəcək. Avropada bu sahədə infrastruktur nisbətən güclüdür, amma hələ də yetərli deyil. Rusiya qazından imtina bir az çətinlik yaradır. Əlavə investisiya xərcləri tələb edir, təchizat boşluğu yaradır, xüsusilə qısa müddətdə. Enerji qiymətləri də Avropada, xüsusilə də, Almaniyada artacaq. Çünki Almaniya Rusiya qazından ən çox istifadə edən ölkələrdən biri idi. İmtina dövründə müəyyən çatışmazlıqlar, defisitlər əmələ gələcək. Ona görə də alternativ mənbələr üzərində işlənilir, lakin qış dövründə tələbat artanda alternativ enerji ilə bu ehtiyaclar tam ödənilə bilmir.
Maye qazın satışı da hava şəraitindən asılı olaraq gecikə bilər. Bu isə həmin qazdan asılı olan ölkələri enerji böhranına sala bilər, yaxud logistik problemlər yarana bilər, xüsusilə də bu, qış aylarında daha realdır. Avropada bu istiqamətdə müəyyən qədər infrastruktur mövcuddur. Hesab edirəm ki, ağıllı qərarlar versələr və düzgün investisiyalar qoysalar, yetərli olacaq. Artıq Avropa bəzi Ərəb ölkələrindən, Norveçdən, Hollandiya və ABŞ-dən həm boru kəmərləri vasitəsilə, həm də tankerlərlə maye qaz idxal edir. Məhdudiyyətlər olacaq, qiymətlər qalxacaq, qış aylarında müəyyən defisitlər yaranacaq. Amma mən hesab edirəm ki, Avropa bu qərarı hesablanmış şəkildə verib və bu çətinliklərin öhdəsindən gələcək".
Fidan Alışova
