"Avropa ölkələri Rusiya ilə danışıqlar aparacaq nümayəndəni müəyyənləşdirə bilmir" - ŞƏRH
Ukrayna müharibəsinin həlli istiqamətində diplomatik təmasların vacibliyi Avropa ölkələrinin gündəmində qalmaqda davam edir. Lakin Rusiya ilə danışıqları kimi aparacağı məsələsi Avropa liderləri arasında fikir ayrılığı yaradıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Avropa ölkələri Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə danışıqları kimin aparacağı və vahid mövqenin necə formalaşdırılacağı məsələsində fikir ayrılığı yaşayır.
“Ukrayna münaqişəsi ilə bağlı son vaxtlar Rusiya Prezidenti Vladimir Putinlə fərdi danışıqlar aparan liderlər Norveçin Baş naziri Yonas Qor Stör və Finlandiya Prezidenti Aleksandr Stubb olub. Bu telefon danışıqları beynəlxalq müzakirələrə səbəb olub. Çünki uzun illərdir Avropa İttifaqı və Böyük Britaniya ilə Rusiya arasında son dərəcə gərgin münasibətlər mövcuddur. Hətta beynəlxalq ictimaiyyətdə 2030-cu ilə qədər Rusiya ilə Avropa arasında müharibə baş verə biləcəyi müzakirə olunur. Rusiyanın Avropa ölkələrinin hava məkanını pozması və dron zərbələri endirməsi mümkün hərbi qarşıdurmanın əlamətləri kimi qiymətləndirilir”.
Ekspert qeyd edib ki, indiyədək Avropa İttifaqı Rusiyaya qarşı 21 sanksiya paketi tətbiq edib. Tramp administrasiyasının Rusiya ilə münasibətlərində yumşalma müşahidə olunsa da, Avropa İttifaqı və Böyük Britaniya Ukrayna məsələsində güzəştə getmir. Belə bir gərginlik fonunda Avropa liderlərinin Putinlə telefon danışığı aparması sensasiyalı hadisə kimi qarşılanıb.
Müşfiq Abdullanın sözlərinə görə, danışıqlar oktyabrın 20-də Osloda Ukrayna münaqişəsinin həlli ilə bağlı keçirilən görüşün davamı olub. Həmin görüşdə Norveç və Finlandiya liderləri ilə yanaşı, Donald Trampın kürəkəni Cared Kuşner və müşaviri Stiv Vitkoff da iştirak ediblər. Lakin Oslo danışıqları heç bir nəticə verməyib.
Ekspert hesab edir ki, Ukraynanın əsas mövqeyi ərazi güzəştləri olmadan münaqişənin dondurulmasıdır. ABŞ isə Avropa İttifaqını Trampın Donbasın Rusiyaya güzəştə verilməsi təklifini dəstəkləməyə razı salmağa çalışır. Həm Moskva, həm də Vaşinqton Avropa İttifaqı daxilində fikir ayrılıqları yaratmağa çalışır. Çünki bu gün Ukraynaya əsas hərbi və maliyyə dəstəyini Avropa İttifaqı və Böyük Britaniya göstərir. Putinin Avropa liderləri ilə danışıqları da Ukraynanı ərazi güzəştlərinə vadar etmək və Avropanın imkanlarından bu məqsədlə istifadə etmək cəhdi kimi qiymətləndirilə bilər.
Müşfiq Abdullanın fikrincə, Rusiya ilə Avropa İttifaqı və Böyük Britaniya arasında qarşıdurma hələ bir müddət davam edəcək. Putinin Avropa liderləri ilə telefon danışıqları isə Ukrayna münaqişəsinin həllində Avropanın rolunun əhəmiyyətini bir daha nümayiş etdirir.
Arzum Ağazadə