Lavrov ABŞ-də: Hansı məsələlər müzakirə olunacaq?
Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti G20 xarici işlər nazirlərinin zirvə toplantısına qatılmaq üçün səfərə başlayıb. Rusiyanın TASS agentliyinin məlumatına görə, hökumət təyyarəsi Gürcüstanın paytaxtındakı hava limanına eniş edib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Lavrovun səfərində əsas müzakirə mövzularının Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, enerji təhlükəsizliyi və beynəlxalq ticarət olacağı gözlənilir:
“Rusiya öz növbəsində çoxqütblü dünya nizamı ilə bağlı mövqeyini gündəmə gətirməyə çalışacaq. ABŞ isə iqtisadi əməkdaşlıq, enerji və təchizat zəncirlərinin təhlükəsizliyinə üstünlük verir. Bu görüşün Rusiya-Ukrayna müharibəsinə təsiri də ola bilər. Xüsusilə, Vaşinqtonun Moskva ilə diplomatik əlaqələri yenidən aktivləşdirmək cəhdləri gələcək danışıqlar üçün zəmin yarada bilər. Noyabr ayında ABŞ, Rusiya və Ukrayna arasında BƏƏ-də üçtərəfli danışıqların keçirilməsi də gündəmdədir. Bununla belə, G20 toplantısı birbaşa sülh danışıqları platforması deyil. Ukraynanın iştirakı olmadan müharibənin taleyini müəyyən edən razılaşmanın əldə olunması real görünmür”.
Politoloqun sözlərinə görə, Lavrovun səfəri tərəflər arasında dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli olsa da, diplomatik təmaslar Rusiya ilə ABŞ arasındakı əsas ziddiyyətlərin aradan qalxması demək deyil.
Fidan Alışova