Avropada hər il təxminən 800 min insan alkoqol qəbulu səbəbindən ölür
Avropada hər il təxminən 800 000 insan alkoqol qəbulu səbəbindən həyatını itirir. Bu, təkcə fərdi sağlamlıq problemini göstərmir, həm də cəmiyyət üçün ciddi sosial və iqtisadi riskləri ortaya qoyur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, alkoqol istehlakı dini və mənəvi dəyərlərin zəiflədiyi cəmiyyətlərdə kütləvi xarakter alaraq həm insan sağlamlığına, həm də sosial və kriminal mühitə ciddi təhlükə yaradır:
“Alkoqolla bağlı vəziyyət həm beynəlxalq statistik göstəricilərdə, həm də real müşahidələrdə açıq şəkildə görünür. Dünyanın bir sıra ölkələrində bu problem artıq faciəvi həddə çatıb. Bunlar əsasən Qərb ölkələridir. Başqa sözlə desək, xristian ölkələri kimi tanınan cəmiyyətlərdir. Əslində isə bu, dinin və mənəvi dəyərlərin zəiflədiyi ölkələrdə daha qabarıq şəkildə özünü göstərir. Bu ölkələrdə alkoqol istehlakı pik həddə çatıb, demək olar ki, kulminasiya nöqtəsindədir. İnsanlar fasiləsiz şəkildə alkoqol qəbul edir, qadınlar və hətta uşaqlar arasında belə bu meyil kütləvi xarakter alır. Bunun əsas səbəbi həmin cəmiyyətlərdə dini və mənəvi dəyərlərin olmaması, insanların yalnız əyləncə və həzz axtarışı ilə yaşamasıdır. Bu isə çoxsaylı fəsadlara yol açır.
Son elmi tədqiqatlar göstərir ki, alkoqol az miqdarda qəbul edildikdə belə, orqanizmin immun sistemini zəiflədir, beyin və beyin hüceyrələrini məhv edir, ürək-damar, mədə-bağırsaq, qaraciyər və digər ağır xəstəliklərə səbəb olur. Tibbi baxımdan alkoqol son dərəcə təhlükəlidir.
Mənəvi, psixoloji və sosial aspektdən isə bu, qətiyyən qəbuledilməzdir. Alkoqol insanı tamamilə dəyişərək onu özündən fərqli bir vəziyyətə salır, şəxsiyyət keyfiyyətlərini sıradan çıxarır. Eyni zamanda alkoqol qəbulu cinayətlərin, zorakılıq hallarının və digər neqativ hadisələrin artmasına gətirib çıxarır".
Ekspert əlavə edib ki, alkoqol istehlakı ailə institutuna, iqtisadiyyata və ərzaq təhlükəsizliyinə də ciddi zərbə vurur:
“Alkoqol istehlakının artması dünya üzrə qiymətli ərzaq məhsullarının böyük hissəsinin bu sahəyə yönəldilməsinə səbəb olur. Aclığın hökm sürdüyü bir dünyada təxminən 1 milyard insanın ac, 2 milyard insanın isə yarıac yaşadığı şəraitdə dünya üzrə taxıl istehsalının ən azı 40 faizi alkoqollu içkilərin hazırlanmasına sərf olunur. Digər bitkilər, meyvə və tərəvəzlər bu hesablamaya daxil deyil. Bu, planetin təbii və qida resurslarının səmərəsiz istifadəsinə, dolayısı ilə aclığın dərinləşməsinə gətirib çıxarır. Hər aspektdən baxdıqda bu vəziyyət qəbuledilməzdir. Alkoqolun çox istifadə edildiyi ölkələrdə ailə institutu, demək olar ki, dağılıb. İnsanlar arasında mənəvi dəyərlər, ünsiyyət və müsbət insani keyfiyyətlər arxa plana keçir. Fərdiyyətçi, yalnız şəxsi əyləncə və maraqlara yönəlmiş bir cəmiyyət formalaşır. Bu isə ailə münasibətlərindən tutmuş bütün insani dəyərlərə ağır zərbə vurur. Xüsusilə gənclər və yeniyetmələr arasında bu tendensiya çox təhlükəlidir.
Cəmiyyətimizdə bu məsələyə nəzarət mexanizmləri mövcuddur. Məsələn, alkoqollu içkilərin 18 yaşdan aşağı şəxslərə satılmaması. Lakin mən bu yaş həddinin bir neçə il də artırılmasını məqsədəuyğun hesab edərdim. Eyni zamanda alkoqol istehlakı ilə bağlı əlavə məhdudiyyətlər tətbiq olunmalı, zərərləri barədə geniş maarifləndirmə və təbliğat aparılmalıdır.
Bütün bu addımlar ona xidmət etməlidir ki, cəmiyyətimiz belə zərərli təsirlərə məruz qalmasın və ya heç olmasa bu təsirlər minimuma endirilsin. Çünki alkoqol sağlam cəmiyyət üçün ən təhlükəli faktorlardan biridir".
Arzu Poladova
