Avropanın yeni nəqliyyat zolağı
Avropanın bir neçə ölkəsində tətbiq olunmağa başlayan yeni yol nişanı — rəsmi adı ilə “Diamond Lane” — sürücülər arasında müzakirələrə səbəb olub. Forma olaraq “paxlava diliminə” bənzəyən bu nişan xüsusi hərəkət zolağını göstərir və məqsədi tıxacı azaltmaq, ekoloji nəqliyyatı təşviq etməkdir.
Bu zolaqlardan adətən yalnız ən azı iki nəfər sərnişini olan avtomobillər, həmçinin bəzi hallarda elektrik nəqliyyatı, taksilər və xidmət maşınları istifadə edə bilir. Nişan ilk olaraq Fransa və İspaniyada, xüsusən də Madrid və Barselonada sınaqdan keçirilib.
Lakin sırf geometrik forma ilə göstərildiyinə görə nişan bir çox sürücülər üçün anlaşılmaz olub və əlavə izah olmadan tanınması çətinlik yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropanın nəqliyyat şəbəkələri bizdən dəfələrlə üstün səviyyədədir:
“Nişanlardan əvvəl bizim əsas diqqət yetirməli olduğumuz məsələ hazırda mövcud sərnişinlərə mobilliyin müxtəlif təkliflərini formalaşdırmaq və ictimai nəqliyyatın vəziyyətini yaxşılaşdırmaqdır. Eyni zamanda nəqliyyat növlərinin çeşidliyini təmin etməli, onların üstünlüklərini artırmalı, maliyyə dayanıqlılığını təmin etməliyik. Xüsusilə də pilləli (dərəcəli) nəqliyyat növlərinə diqqətimizi artırmalıyıq.
Bu gün əgər şəhərimizdə insanların əksəriyyəti fərdi nəqliyyata üstünlük verirsə, bu, ictimai nəqliyyatın hazırkı vəziyyətinin qənaətbəxş olmadığını göstərir. Şəhər böyüdükcə onun həm yeraltı, həm də yerüstü mobilliyini təmin edən nəqliyyat növləri də uyğun şəkildə inkişaf etdirilməlidir.
Bundan sonra artıq beynəlxalq təcrübəyə – dünyanın müxtəlif ölkələrində tətbiq olunan nişan nümunələrinə – keçid etmək mümkündür. Hazırda adını çəkdiyiniz ölkələrin şəhərlərində mobillik ehtiyacını qarşılayan nəqliyyat növləri və onların şəbəkələri bizdən dəfələrlə üstün səviyyədədir.
Ona görə də ilk növbədə bu geriləməni aradan qaldırmalı və bu məsələləri prioritet kimi qəbul etməliyik”.
Aydan Əsgərxanlı
