Avstraliya niyə iqtisadi perspektivlərin pisləşdiyini bildirir?
Asiya İnkişaf Bankının (ADB) əsas prioriteti mövcud iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün operativ, əlçatan və adaptiv yardımın göstərilməsi olmalıdır.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-Çin gərginliyi iqtisadiyyatı zəiflədir:
“Asiya-Sakit okean regionunda iqtisadi perspektivlərin pisləşməsinə əsas təsir göstərən amillərdən biri illərdir davam edən ABŞ və Çin arasındakı iqtisadi gərginlikdir. Bu gərginlik regionda iqtisadi vəziyyətin zəifləməsinə səbəb olan əsas faktor kimi qiymətləndirilir. Qlobal iqtisadiyyatda baş verən bu qarşıdurma Çində və ümumilikdə Asiya ölkələrində inflyasiyanın səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. İnflyasiyanın artması isə birbaşa olaraq həmin ölkələrin Mərkəzi Banklarının faiz dərəcələrini artırmasına səbəb olmuşdur. Faizlərin yüksəlməsi öz növbəsində özəl sahibkarlıq subyektlərini çətin vəziyyətə salır. Eyni zamanda bu artım idxal-ixrac siyasətinə də təsir göstərir. Nəticə etibarilə bu proseslər vergi yükünün artmasına, dövlətlərin xarici borcunun çoxalmasına və digər iqtisadi problemlərə səbəb olur. Bu baxımdan ABŞ və Çin arasındakı gərginlik Asiya-Sakit okean regionunda iqtisadi perspektivlərin pisləşməsinin əsas səbəblərindən biri hesab olunur. Operativ və adaptiv yardım dedikdə, hər hansı təbii fəlakət, iqtisadi sanksiya və ya çətin vəziyyət zamanı tez və uyğun şəkildə yardım göstərilməsi nəzərdə tutulur. Uzun müddətdir davam edən ABŞ-Çin gərginliyi fonunda Asiya regionunun vəziyyəti məlumdur və buna baxmayaraq, Asiya İnkişaf Bankı tərəfindən müəyyən yardımlar edilir. Misal olaraq xəstəxanaların tikilməsi, məktəblərin inşası, yolların çəkilməsi kimi sosial-iqtisadi layihələrə dəstək göstərilir”.
Həmçinin ekspert qeyd edib ki, böhranlarda (2008-ci il qlobal maliyyə böhranı kimi) yardım zəifləyir, çıxış yolu əməkdaşlıqdır:
“Lakin burada mühüm bir məqam var: güclü iqtisadi şoklar zamanı operativ və adaptiv yardım strategiyası kifayət etməyə bilər. Bu vəziyyəti müəyyən qədər 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisə etmək olar. Həmin böhran gözlənilmədən baş vermiş və geniş təsir yaratmışdır. Belə hallarda Asiya İnkişaf Bankının operativ yardım imkanları məhdudlaşa bilər. Çünki regionda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr mövcuddur və genişmiqyaslı böhran zamanı bütün ölkələrə eyni səviyyədə yardım göstərmək çətinləşir. Buna görə də böyük iqtisadi sarsıntılar dövründə yardım mexanizmlərinin effektivliyi azalır. Bununla belə, hazırkı mərhələdə göstərilən dəstək ümumilikdə müsbət rol oynayır. Lakin inflyasiyanın artması, staqflyasiya kimi hallarda vəziyyət daha da çətinləşə və çıxılmaz vəziyyət yarana bilər. İqtisadi çətinliklər fonunda hər il üçün müəyyən risklər, müsbət tərəflər və ümumi proqnozlar hazırlanır. Bu çətinliklər şəraitində əsas istiqamətlərdən biri ticarət tərəfdaşlarının sayının artırılmasıdır. Düşünürəm ki, Avstraliya mövcud vəziyyətdə yeni bazarlara yönəlməklə və müxtəlif ölkələrlə iqtisadi əlaqələri genişləndirməklə riskləri azaltmağa çalışacaq. Bu, həm iqtisadi sabitliyin qorunması, həm də mövcud çətinliklərin yumşaldılması baxımından vacib addım ola bilər. Ümumilikdə isə müxtəlif ticarət tərəfdaşlarına yönəlmə və iqtisadi əlaqələrin diversifikasiyası ölkəni mövcud iqtisadi çətinliklərdən çıxaran əsas vasitələrdən biri kimi qiymətləndirilə bilər”.
Arzu Poladova