"Avtobus yanğınları texniki nasazlıqdan qaynaqlana bilər" - Nəqliyyat eksperti
Bakıda marşrut avtobusunda yanğın baş verib. Yanğın qısa müddətdə nəzarətə götürülüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sərnişin Rəhimova Fatimə bildirib ki, xüsusilə, pik saatlarda avtobusların həddindən artıq sıx olması, bəzi marşrutlarda köhnə nəqliyyat vasitələrinin hələ də istismarda qalması və son dövrlərdə baş verən qəfil avtobus yanğınları ilə bağlı xəbərlər ictimai nəqliyyatdan istifadə edən insanlarda ciddi narahatlıq yaradır:
“Sərnişinlər hər an gözlənilməz bir hadisə ilə qarşılaşa biləcəklərini düşünürlər. Avtobuslarda təhlükəsizlik tədbirlərinin kifayət qədər olmadığı hiss olunur. Əgər təhlükəsizlik standartları tam təmin edilsə və mütəmadi nəzarət həyata keçirilsə, bu cür yanğın hadisələrinin qarşısını almaq mümkün olardı".
Məsələ ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtobuslarda baş verən yanğınları qiymətləndirərkən ümumi statistikaya baxmaq lazımdır:
“Əgər il ərzində cəmi bir və ya bir neçə belə hadisə baş veribsə, bunu texniki nasazlıq nəticəsində yaranan və dünyanın müxtəlif ölkələrində də rast gəlinən hallardan biri kimi qiymətləndirmək olar. Əsas məsələ ötən illərlə müqayisədə dinamikanın necə dəyişdiyini təhlil etməkdir. Hazırda paytaxtda avtobus parkının təxminən yarısı köhnə nəqliyyat vasitələrindən ibarətdir. Qaydalar tələb edir ki, avtobusların istismar müddəti maksimum 15 il olsun. Bundan əlavə, elektrik avtobusları 1 milyon 200 min kilometr, dizel və sıxılmış təbii qaz (CNG) ilə işləyən avtobuslar isə 1 milyon kilometr yürüş həddinə çatdıqda istismardan çıxarılmalıdır. Bu iki meyardan hansı daha tez tamamlanarsa, avtobus xətdən çıxarılmalıdır. Son bir ildə avtobus parkının yenilənməsi prosesi xeyli sürətlənib. Həm iri, həm də kiçik daşıyıcılar mərhələli şəkildə yeni avtobuslar alırlar. Bu proses ötən ildən başlayıb və 2026-2028-ci illər ərzində başa çatdırılması nəzərdə tutulur”.
Nəqliyyat ekspertinin sözlərinə görə, hazırda ictimai nəqliyyatda ödənişlərin təxminən 88 faizi nağdsız qaydada həyata keçirilir, qalan 12 faiz isə hələ də nağd ödəniş sistemi ilə işləyir:
“Avtoparkın yenilənməsi bu problemin də aradan qalxmasına və daha çevik tarif siyasətinin tətbiqinə imkan verəcək. Dövlət artıq brutto-müqavilə modelinə keçib. Bu sistem çərçivəsində daşıyıcılara hər kilometrə görə subsidiya veriləcək. Bu da onları avtobus parkını daha sürətlə yeniləməyə, texniki xidmət və mütəmadi təmir işlərinə daha çox diqqət ayırmağa stimullaşdıracaq. Bu gün avtobuslar normadan artıq yüklə işləyir. Əslində avtobus sərnişini metroya və dəmiryolu stansiyalarına çatdıran fider nəqliyyat rolunu oynamalıdır. Sərnişindaşımanın əsas yükünü isə relsli nəqliyyat öz üzərinə götürməlidir. Yeni metro stansiyalarının tikintisi nəticəsində, hazırda gündəlik təxminən 640 min sərnişinə xidmət göstərən metronun sərnişin axınının gələcəkdə 800 minə, hətta 1 milyona çatacağı gözlənilir. Şəhərətrafı dəmir yolu hazırda gündəlik təxminən 42 min sərnişin daşıyır. Hədəf bu rəqəmi 200 minə çatdırmaqdır. Mən hesab edirəm ki, bunun potensialı daha da yüksəkdir. Bakıətrafı yaşayış məntəqələrinin sürətlə böyüməsini nəzərə alsaq, şəhərətrafı dəmir yolu Almaniyadakı S-Bahn sistemi kimi yerüstü metro funksiyasını yerinə yetirə bilər. Tramvay şəbəkəsinin bərpası da planlaşdırılır. Bu layihələr avtobusların üzərindəki yükü azaldacaq. Yük azaldıqca avtobusların aşınması da azalacaq, istismar müddəti uzanacaq və texniki xidmət xərcləri aşağı düşəcək. İctimai nəqliyyatın bütün növlərinə investisiyaların artırılması vacibdir. Bununla yanaşı, təkcə yeni avtobusların alınması və qarajların tikilməsi kifayət etmir. Avtobusların istismarı, idarə olunması, texniki xidmət sistemi və bu sahə üzrə peşəkar mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirilməlidir. İctimai nəqliyyat şəhərin mobilliyini təmin edən strateji sahədir və onun idarə olunması müasir dünya şəhərlərində tətbiq olunan yanaşmalara uyğun təkmilləşdirilməlidir”.
Selcan Xudiyeva