Avtobusda sıxlıqdan “Stop”a çata bilməyənlər
Nəqliyyat vasitələrində hər gün minlərlə sərnişin hərəkət edir, lakin bəzən yol getmək mümkün olmur. Arxa qapıdan minməyə icazə verilməməsi və sərnişinlərin ödənişləri gecikdirməsi ictimai nəqliyyat mədəniyyətinə mənfi təsir göstərir.
"İnformator.az” olaraq, mövzunu araşdırdıq.
İctimai nəqliyyatdan gündəlik istifadə edən sərnişlərdən Selcan Qafarzadə fikirlərini saytımızla bölüşüb:
"Sürücü və sərnişin arasında münasibətdə gərginlik yarana bilir. Digər insanlar arasında "hamı edə bilirsə, məndə edə bilərəm” fikirləri yaranır. Hədə qorxu gəlmək düzgün deyil, amma sərnişin sürücüdən narazı qalırsa, bunu normal qaydada şirkətə bildirə bilər. Sürücülər üçün davranış təlim dərsləri keçirilə bilər, sərnişinlər üçün kartla ödəniş edilməsinin genişləndirilməsi daha maarifləndirici olar".
Digər sərnişin Şeydayeva Zülfiyyə isə avtobusda “stop” düyməsinin uzaqda olmasından şikayətlənir:
"Bəzən “stop” düymələri belə işləmir, avtobusda sıxlıq həddən artıq çox yaranır, 100 nəfərdən çox sərnişini sürücü "arxaya sıxlaşın, yer var",- deyərək qəbul edir, bu isə məni çox narahat edir. Səhərlər əsəblərin gərgin olduğu zaman sıxlıqda sərnişinlərin sözü üst-üstə düşmür və münaqişə yaranır. Bu mənə mənfi təsir edir, günümün korlanmasına gətirib çıxarır ".
Bəs mütəxəssislər məsələyə necə yanaşırlar?
Nəqliyyat eksperti Aslan Əsədovun fikrincə, sürücülərlə bağlı ümumi məsələlərin müddəaları və praqmatik həlləri gündəmdədir:
“Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, sürücülər və sərnişinlər arasında münasibətlər, ənənəvi metodlarla qorunub saxlanılır. Yəni sürücülər ilə sərnişinlər arasındakı münasibətlər yazılmamış qanunlar üzərində qurulub. Konkret olduqda isə hər hansı bir sürücüdən şikayət etmək və yaxud onun işinə xitam vermək, onun müəyyən maliyyə resurslarından imtina etdirmək, hədələmək və s. Bu cəmiyyətdə də düzgün qarşılanmır, kiminsə çörəyinə bais olmaq və s. Amma sürücülərin də vəzifə öhdəliyi ondan ibarətdir ki, vətəndaşı mənzil başına sağ-salamat çatdırsın. Təəssüflər olsun ki, sosial şəbəkələrdə də, mediada da bununla bağlı müəyyən narahatlıqlar və arqumentlər görürük. Bax, bu da, vətəndaşlarda yaxşı qarşılanmayan münasibətlə əks olunur. Bunun üçün də, bu gün dünyanın müxtəlif ölkələrində bununla bağlı təlimlər keçirilir, proqramlar tətbiq olunur və ölkəmizdə təlimlər, praqmatik həllər və sürücü ilə sərnişinlərin yola getməmələrini araşdırırlar. Hətta bununla bağlı sosial tədqiqat mərkəzləri, beyin mərkəzləri iş aparırlar ki, münasibətlər düzgün olsun. Əksər halda bunların qarşısını almağın bir yolu var ki, bu da münasibətləri ödənişsiz sistemlərə keçirmək və bununla da digər formada vətəndaşların münasibətlərini ayırd etmək mümkündür “.
Sözügedən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq, cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 141 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm şəhərdaxili marşrutlarda sərnişinlərin iki qapısı olan avtobuslarda düşməsi hər iki qapı, minməsi isə birinci qapıdan, üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir. Hər avtobusun istehsalçısı həm oturacaq, həm də ayaq üstə daşına biləcək sərnişin sayı ilə bağlı tutumu müəyyən edib. Hər hansı avtobusda müəyyən edilmiş həddən artıq sərnişin daşınması və bunun təhlükəsizlik qaydalarının pozulmasına gətirib çıxardığı təqdirdə hüquq-mühafizə arqanları inzibati tədbirlər görə bilər.
Avtobusların sıxlığı və doluluq səviyyəsi ilə bağlı monitorinqlər keçirilir. Hər hansı avtobusda doluluğun yüksək olduğu müəyyən edilirsə, avtobus sayının artırılması ilə bağlı tədbirlər görülür.
Reyhan Quliyeva
