Uşaqların sosial şəbəkələrdə paylaşılması: valideyn hüququ, yoxsa şəxsi məxfiliyin pozulması?
Son illərdə valideynlərin övladları ilə bağlı foto və videoları sosial şəbəkələrdə paylaşması geniş yayılıb. Bəzi ailələr bunu xatirə və gündəlik həyat paylaşımı kimi qiymətləndirsə də, mütəxəssislər uşaqların şəxsi məlumatlarının internetdə yayılmasının gələcəkdə təhlükə yarada biləcəyini bildirirlər. Mövzu həm etik, həm hüquqi, həm də psixoloji baxımdan müzakirə olunur.
Mövzu ilə bağlı vəkil Asim Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, valideynlər uşağların hansısa yanlışının unudulmasının qarşısını alır:
"Valideynlərin uşaqları ilə bağlı paylaşım etməsində uşağın razılığının alınması, bu halın pozuntu faktı olduğu həqiqətini dəyişmir. Sosial şəbəkələrdə uşaq videoları kommersiya məqsədilə hazırlanır və yayılır. Burada uşağın könüllü olması və ya razılıq verməsi uşaq hüququnun pozulması faktını aradan qaldırmır. 6 yaşlı uşaq onun üçün nəyin uyğun olduğunu, təbii ki, bilmir. “Uşağın icazəsi” valideynin onu internetdə kibercinayətkarların hədəfinə çevirməsi faktını dəyişmir. Çünki uşaq hələ bunu anlayacaq yaşda deyil. Yaxud ibtidai məktəbdə uşağın dərs oxumaq əvəzinə YouTube üçün videolar çəkməsi onun təhsil hüququnu da pozur. Uşağa aid özəl videoları sadəcə gülüş və bəyənmə xatirinə paylaşmaq yolverilməzdir. Belə videolarda uşağın etdiyi hər hansı yaramazlıq ailə daxilində unudulsa da, sosial mediada yaddan çıxmır. Beləliklə, valideynlər uşağların hansısa yanlışının unudulmasının qarşısını alır. Nəticədə, uşaq uzun illər bu travma ilə yaşamalı olur".
Həmçinin vəkil qeyd edib ki, respublikamızda rəqəmsal mühitdə uşaqların qorunması sahəsində tamamilə yeni mərhələ başlanır:
"Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə fevralın 27-də imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncamı bu sahədə özünü göstərən problemlərin aradan qaldırılmasında böyük rol oynayacaq. Sərəncamda qeyd olunur ki, beynəlxalq təşkilatların və elmi mərkəzlərin araşdırmaları, eləcə də müxtəlif ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması xüsusi diqqət tələb edir. Onların psixoloji sağlamlığının, təhlükəsizliyinin və normal inkişafının təmin olunması üçün həm hüquqi mexanizmlər, həm də texnoloji müdafiə vasitələri tətbiq edilməlidir. Bu çərçivədə uşaqların şəxsi məlumatlarının, ləyaqətinin və təhlükəsizliyinin dövlətin qorunması vacib amildir. Beynəlxalq praktikada, xüsusilə sosial şəbəkələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqlar üçün risklərin azaldılması və məlumatların daha ciddi qorunması istiqamətində tələblərin artırılması müşahidə edilir. Uşaqların zərərli informasiyadan qorunması istiqamətində atılan addımlar gələcək nəsillərin sağlam formalaşmasında əhəmiyyətli rol oynayır. Bu, həm də cəmiyyətimizin mənəvi baxımdan sağlam və güclü gələcəyi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncam göstərir ki, respublikamızda rəqəmsal mühitdə uşaqların qorunması sahəsində tamamilə yeni mərhələ başlanır".
Samirə Allahverdizadə